Bu məşhur simalar siyasətdən gedə bilər – Çillər-Akşener, Yılmaz-Kılıçdaroğlu oxşarlığı

Türkiyədə prezident seçkiləri bitdi. Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyənin prezidenti seçildi.

Ərdoğanın qələbəsi fonunda Türkiyə müxalifətində hansı dəyişikliyin olacağı müzakirə edilir. Məsələ ondadır ki, Ərdoğan 2002-də hakimiyyətə gələn ərəfədə Türkiyə siyasətinin ulduz nümayəndələri və koalisiya ortağı olmuş liderlər Tansu Çillər, Məsud Yılmaz və digər bir sıra siyasətçilər siyasətdən birdəfəlik getdilər.

Maraqlıdır, indi Kılıçdaroğlu, Davudoğlu, Akşener və s. liderlər siyasətdən uzaqlaşa biləcəkmi? İqtisadiyyatı geriləyən Türkiyəni Ərdoğan yenidən dirçəldə bilcəkmi? Qərblə münasibətlər necə tənzimlənəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Ərdoğanın qələbəsinə şübhə etmirdi:

Qabil Hüseynli

“Rəcəb Tayyib Ərdoğan təcrübəli siyasətçidir. Kifayət qədər ciddi siyasi proseslərin şahidi olub və yenə kifayət qədər ciddi siyasətçiləri görüb. Ərdoğanın üstün cəhəti böhran vəziyyətindən çıxmağı bacarır. Onu qələbəyə aparan əsas məqam məhz bu oldu.

Ərdoğan qələbə qazansa da həqiqətdə onu çox çətin bir 5 il gözləyir. Məsələ ondadır ki, ölkə hələ dəhşətli zəlzələnin fəsadlarını aradan qaldırmayıb. Bundan başqa TL, dollar balansı hər keçən gün daha da pisləşir. Bu halın qarşısını almaq düşünüldüyündən də çətin olacaq. Mümkündür ki, müxalifət bunu yaxın illərdə iqtidar əleyhinə yenidən istifadə etsin.

Lakin Ərdoğanın qələbəsi türk-islam dünyası baxımından olduqca önəmlidir. Xüsusilə Türk Dövlətlər Təşkilatının inkişaf etməsi Avropa İttifaqı və NATO standartlarında təşəkkül tapması Ankaranın başlıca prioritetidir. Bunu isə yalnız Ərdoğan bacara bilərdi”.

Politoloq bildirib ki, Türkiyə müxalifətində bir çox köhnə simanın siyasət səhnəsindən gedişinin şahidi olacağıq:

“Kılıçdaroğlu, Davudoğlu, Akşener və s. siyasətçilərin siyasət səhnəsindən getməsi mümkündür. Kılıçdaroğluya qarşı onsuz da CHP-də ciddi bir aqressiya var.

Onsuz da “Altılı masa” onun vahid namizəd olmasını istəmirdi. Onun yerinə Mansur Yavaşın və ya Əkrəm İmamoğlunun namizədliyi istənilmişdi.

Hesab edirəm Kılıçdaroğlunu bu iki şəxsdən biri əvəzləyə bilər. Davudoğluna gəldikdə isə mən ümumiyyətlə onu ciddi bir siyasi fiqur hesab etmirəm. Seçkilərdə də xüsusi bir paya sahib deyildi. Akşener isə hələ İYİ Partiyada bir müddət qalacaq. Burada əsas məsələ İYİ Partiyanın Türkiyə siyasətindəki yeridir. Bu partiya mahiyyət etibarilə MHP-dən küsüb gedənlərindir. Yəni MHP loyal addımlar atsa, İYİ Partiya deyə bir şey qalmaz”.

Turan Rzayev
Globalinfo.az