Azərbaycanın 105 yaşlı gözəgörünməz gücü – Onlar bir addım öndədirlər

“Ölkənin müdafiə qüdrətinin artırılması, milli təhlükəsizliyinin təmin edilməsi dövlətin başlıca vəzifələrindəndir. Milli təhlükəsizlik, ictimai sabitlik yaradılmadan ölkədə inkişafa nail olmaq, müsbət nəticələr əldə etmək, insanları bir məqsəd uğrunda birləşdirmək mümkün deyil”.

Bu sözləri Milli Məclisin deputatı Tahir Rzayev Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü haqda Globalinfo.az-a danışarkən deyib.

O bildirib ki, Azərbaycanın təhlükəsizlik orqanlarının son illərdə keçirdiyi tədbirlər, əməliyyatlar təqdirəlayiqdir:

Tahir Rzayev

“Çünki bu gün Azərbaycan dünyada ictimai-siyasi sabitliyinə görə fərqlənən dövlətdir. Milli təhlükəsizliyi təmin etmək, ölkəmizə uzanan məkrli əlləri kəsmək, casus şəbəkələrini ləğv etmək bu orqanların vəzifəsidir. Bu sahədə görülən tədbirlər onu deməyə əsas verir ki, həmin fəaliyyət yüksək dəyərə malikdir.

Son illərdə fəaliyyət istiqamətləri daha da genişləndirilib və ölkədə baş verə biləcək irimiqyaslı olaylar vaxtında müəyyən edilib, qarşısı alınıb. Bəzi casus şəbəkələrinin aşkar edilməsi, ölkəmizə qarşı xəyanət yolunu tutan şəxslərin müəyyənləşməsi istiqamətində görülən işlər bilavasitə ictimai, siyasi təhlükəsizliyi təmin edib.

Milli təhlükəsizlik orqanlarında fəaliyyət göstərmək çətin, həm də şərəflidir. Çünki bu insanlar daim axtarışdadır, təhlilər aparır, gizli şəbəkələri müəyyənləşdirir və operativ tədbirlər həyata keçirir. Bu gün milli təhlükəsizlik orqanlarında işləyənlərin peşəkarlığı, onların iradəsi, çalışqanlığı qürur doğurur. Müharibə dövründə, antiterror tədbirləri zamanı görülən işlər öz aydın ifadəsini tapıb”.

Deputat Elman Nəsirov deyib ki, Azərbaycan təhlükəsizlik orqanları ölkəmizin ən həlledici dönəmlərində öz fəaliyyətləri ilə mühüm proseslərə töhfə veriblər:

“Təhlükənin olduğunu hiss etməməyin özü ən böyük təhlükədir. Bu reallıq fonunda xüsusi olaraq qeyd edək ki, bu gün dünyada dövlətlər arasında qorxunc edimadsızlıq mühiti hökm sürməkdədir. Qlobal miqyasda hüququn gücü yox, gücün hüququ işləyir. Beynəlxalq hüquq norma və prinsipləri əksər hallarda onu yaradan və qorumalı olan dövlətlər tərəfindən pozulur. Bu isə öz növbəsində qlobal qütbləşmə və qarşıdurmanı labüd edir. Bu proses isə yeni təhdid və çağırışlar doğurur, assimmetrik təhlükə mənbələrini hərəkətə gətirir, dünyanın istənilən nöqtəsində münaqişə və müharibə ocaqlarının alovlanmsına şərait yaradır. Eyni məntiqlə söyləyə bilərik ki, dünya, bəlkə də, heç vaxt indiki qədər təhlükəli olmayıb. Planetimizin bu acı reallığı fonunda Azərbaycan bölgədə, eləcə də dünyada sabitlik adası kimi tanınınır. Bu da səbəbsiz deyildir. İlk növbədə ölkəmizdə səfərbər olunmuş cəmiyyət mövcuddur. Xalqımız vətəndaş müharibəsindən vətəndaş həmrəyliyinə qədər mürəkkəb, qəliz, həm də şərəfli yol keçib. Ölkəmizdə göz bəbəyi kimi qorunan ictimai-siyasi sabitliyin ciddi əsasları vardır. Bu, ən başlıcası xalq-hakimiyət birliyi ilə bağlıdır. Xalq öz prezidenti ətrafında monolit birlik nümayiş etdirir. Prezident də ayrı-ayrı böyük dövlət və beynəlxalq təşkilatların deyil, məhz güvənc yeri olan xalqının milli maraqlarından irəli gələn müstəqil siyasət həyata keçirir. Bu reallıq, bizi nə qədər güclü edirsə, bir o qədər də bizə qarşı dayanan qüvvələrin yuxusuna haram qatır, onları hərəkətə gətirir. Bu halda dövlətimizin təhlükəsizliyi məsələləri dəfələrlə aktuallığını artırır. Bu sahəyə cavabdeh  xüsusi dövlət orqanının – Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) üzərinə düşən məsuliyyət də adekvat olaraq yüksəlir. Bəs bu məsuliyyətin öhdəsindən DTX hansı səviyyədə gəlir? Bu suala cavab vermək üçün bir sıra vacib məqamların üzərində dayanmaq lazımdır. Əvvəla, qeyd edək ki, 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyəti Hərbi Nazirliyinin Baş Qərargahı tərkinində yaradılan bu qurumun 1919-1920-ci illər reallığında gənc respublikanın milli təhlükəsizliyin təminatında xüsusi rolu olmuşdur. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev 23 mart 1997-ci ildə imzaladığı müvafiq Sərəncamla 28 mart tarixini Azərbaycan təhlükəsizlik orqanlarının peşə bayramı günü elan edilib. Bu tarixi qərar tarixi reallığı və varislik prinsiplərini özündə ehtiva edir.

Ümummilli lider Heydər Əliyev 1965-1969-cu illərdə Dövlət Təhlükəsizlik Komitəsində müvafiq rəhbər vəzifələrdə çalışdığı dövrdə də bu varisliyi qoruyub saxlamış, xalqının milli maraqlarına zərər vura biləcək halların qarşısını almaq işinə ciddi töfhələr vermiş, bu sahədə milli fəaliyyət üslubu, məktəbi və kadr potensialı formalaşdırıb. Bu baxımdan zəmanəmizin dühası Heydər Əliyevin müəllifi olduğu bu fikirlər dövlət təhlükəsizlik orqanların fəaliyyətini qiymətləndirmək üçün ölçü vahidi hesab oluna bilər:

“Dövlət təhlükəsizlik, yaxud kəşfiyyat orqanları o vaxt qalib gəlir ki, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun”.

Elman Nəsirov

Bu gün qürur hissi ilə qeyd edə bilərik ki, 105-ci ildönümünü qeyd edən DTX xüsusilə son 4 il ərzində üzərinə götürdüyü vəzifəni – ölkəmizin milli təhlükəsizlik maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və s. pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması istiqamətində əks-kəşfiyyat, əməliyyat-axtarış   və istintaq tədbirlərini yüksək peşəkarlıqla həyata keçirir. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevə istinadən qeyd edək ki, “Ötən 2023-cü il ərzində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ümumilikdə 340 şəxs barədə 190 cinayət işinin ibtidai istintaqı aparılmış, həmin cinayət işlərindən 27-si dövlətə xəyanət, 12-si casusluq, 7-si dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, 35-i terrorçuluq, terrorçuluğa hazırlıq və Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməklə bağlı olmuşdur. Dövlət Təhlükəsizliyi Xidmətində icraatda olmuş cinayət işləri üzrə vurulmuş ziyanın aradan qaldırılması və ya cinayət yolu ilə əldə edilmiş vəsaitlərin dövlət büdcəsi nəfinə müsadirə edilməsi məqsədilə ümumilikdə 175 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi və əmlak üzərinə həbs qoyulması təmin edilib.”  Heç şübhəsiz, ciddi uğurlardır. Bu uğurlar möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir: “Azərbaycanda təhlükəsizlik lazımi səviyyədə təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır. Xüsusilə, indiki şəraitdə, – dünyada gedən prosesləri biz görürük, – bu, yüksək qiymətə layiq olmalıdır”.

DTX 44 günlük Vətən müharibəsi və 19-20 sentyabr antiterror tədbirlərinin məntiqi sonluğu olaraq ərazi bütövlüyü və suverenliyimizin tam, qəti və əbədi təmin olunması kimi müqəddəs vəzifənin icrası işinə müstəsna töhfələr verib.

Hörmətli Əli Nağıyevin qeyd etdiyi kimi, “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli sərkərdəliyi ilə tarixi qələbənin əldə edildiyi Vətən müharibəsi dövründə düşmənin bütün cəbhələrdə həyata keçirməyə çalışdığı təxribat-pozuculuq fəaliyyətinin, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində mümkün təhdidlərin qarşısının alınmasında, Azərbaycan Ordusunun əməliyyat və əks-kəşfiyyat məlumatları ilə təmin olunmasında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının danılmaz rolu olmuşdur. 2023-cü ilin 19 sentyabr tarixində keçirilmiş antiterror əməliyyatı zamanı və ondan sonrakı vaxtda da yuxarıda qeyd olunan istiqamətlər üzrə mühüm işlər görülmüş, əhəmiyyətli nəticələr əldə edilmişdir. Belə ki, Qarabağda fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərk-silah edilmiş, tərəfimizdən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə qondarma rejimin “rəhbər”lərinin gizləndikləri yerlər müəyyən edildikdən sonra onlar həbs edilərək cinayət məsuliyyətinə cəlb olunmuşlar”.

Sonda olduqca həssas və təhlükəli beynəlxalq şərait və konyuktura daxilində dövlətimizin və vətəndaşlarımızın təhlükəsizliyini etibarlı şəkildə təmin edən Dövlət Təhlükəsizlik Xidməti rəhbərliyini və əməkdaşlarını peşə bayramları münasibətilə ürəkdən təbrik edir, olduqca məsuliyyətli və şərəfli fəaliyyətlərində bol-bol uğurlar arzulayırıq”.

Milli Məclisin deputatı Fazil Mustafa isə qeyd edib ki, Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi mühüm tarixdir:

“Azərbaycanın müstəqillik dövründə yaranan, müstəqilliyin qorunmasına böyük töhfə vermiş qüvvə təhlükəsizlik orqanlarıdır. O dövrdə Azərbaycana qarşı işğalçılıq münasibəti bəsləyən ölkələrə qarşı, eyni zamanda, xaricdən idarə olunan şəbəkənin ifşa olunmasında ciddi fəaliyyəti ilə seçildi. Həmin anlarda kadr bazası zəif idi. Yeni kadrların cəlb olunması isə asan proses deyildi. Sonrakı dövrdə Azərbaycan təhlükəsizlik orqanları daha çox Sovet hökumətinin qurulması ilə rus, erməni, bolşevik qüvvələrinin əlində oldu. Kadrlar da onlar üçün etibarlı, sadiq şəxslərdən təşkil olunmağa başladı. Azərbaycanlı zabitlərin, əməkdaşların bura cəlb olunması prosesi xeyli gec oldu. Bu orqanların Azərbaycanlaşdırılması isə 1960-cı illərdə Heydər Əliyevin rəhbərliyi ilə başladı. Çox sayda azərbaycanlı mütəxəssis cəlb olundu. Bu, müstəqillik dövründə də Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətinin müəyyən dərəcədə daha ciddi təcrübəyə əsaslanmasına təkan verdi”.

Fazil Mustafa

Deputatın sözlərinə görə, həmin qurum Azərbaycanda çox sayda terrorun üstünün açılması, təxribatların qarşısının alınmasında müstəsna rola malikdir:

“General-polkovnik Əli Nağıyevin rəhbərliyindən sonra böyük işlərə imza atıldı. Xüsusilə də Qarabağın seperatçılardan təmizlənməsi prosesi, işğaldan azad edilən ərazilərdə müəyyən əməliyyatların keçirilməsində mühüm işlər görüldü. Onların və Daxili Qoşunların fəaliyyəti nəticəsində bölgədə işğalın nəticələrinin aradan qaldırılması üçün əhəmiyyətli tədbirlər həyata keçirildi. Proseslər göstərir ki, bu qurum Azərbaycan üçün olduqca zəruridir. 105-ci ildönüm bu sahədə yetişmiş çoxsaylı zabitlərin, mütəxəssislərin yubleyidir. Onları təbrik edirəm. Gələcəyimiz üçün bu şəxslərin sayıqlığı, ayıqlığı bir təminatdır”.

Safura Bənnayeva
Globalinfo.az