Azərbaycan tarixi proses ərəfəsində – “Hantinqtonun 1994-cü ildəki “kəhanəti” gerçəkləşir”

Çin və Azərbaycan arasında geniş əlaqələr var. 44 günlük müharibədən əvvəlki, həmçinin müharibə müddətində və sonrakı proseslər də Pekinin Bakı ilə bağlı strateji planlarının, maraqlarının olduğunu göstərir. Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Çinin bölgədə meqalayihələrin reallaşması üçün ciddi resurlarının olmasından danışıb. Belə ki o, Qərb sivilizasiyasının sonunun çatdığını və dünyanın paytaxtının ABŞ-dan Çinə köçdüyünü vurğulayıb.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Sultan Zahidov deyib ki, Azərbaycan və Çin arasındakı dərin əlaqələr ticarət dövriyyəsinin ilbəil artması, qarşılıqlı səfərlərin sıx xarakter daşıması ilə müşahidə edilir:

“Çinin Azərbaycanla bağlı strateji planları və maraqları var. Burada söhbət rəsmi Pekinin 10 ilə yaxın müddətdir həyata keçirməkdə olduğu “Bir kəmər, bir yol” layihəsindən gedir. Bu iqtisadi meqalayihə Şərq-Qərb ticarət əlaqələrinin inkişafı nəticəsində bütün Avrasiyanın infrastruktur və iqtisadiyyatının irəliləyişinə töhfə verəcək layihəni özündə ehtiva edir. “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Çin üçün əhəmiyyətli strateji məkanlardan biri də Cənubi Qafqazdır.

Bu layihə üç nəqliyyat dəhlizini özündə birləşdirir: Şimal yolu, Orta dəhliz və Cənub yolu. Dünyada baş verən geosiyasi proseslər fonunda Orta dəhlizin strateji əhəmiyyəti daha da artıb. Şimal yolu Rusiya-Ukrayna müharibəsi səbəbindən təhlükəlidir. Cənub da dəniz yolu olduğundan daha çox vaxt aparır və husilərin hücumları bu yolu təhlükəli hala salır.

Sözügedən layihənin əsas istiqamətləri Azərbaycan-Gürcüstan-Türkiyə yolu və gələcəkdə açılması ehtimal olunan Zəngəzur dəhlizidir”.

Politoloqun sözlərinə görə, 1994-cü ildə məşhur ABŞ politoloqu Samuel Hantinqton “Sivilizasiyaların toqquşması” əsərində qeyd etmişdi ki, gələcəkdə Qərb sivilizasiyası yavaş-yavaş enişə doğru gedəcək və onun yerini Çin və İslam sivilizasiyası alacaq:

“Hazırda bu tendensiyanın şahidi oluruq. Lakin dünyanın paytaxtının Çinə köçdüyünü düşünmürəm. Rəsmi Pekin bir çox aspektdən ABŞ-la başa-baş rəqabət aparır. Çinin yaxın gələcəkdə dünya lideri olma ehtimalı kifayət qədər böyükdür. Zəngəzur dəhlizi ilə bağlı Pekinin ticari, iqtisadi maraqları var. Belə ki Azərbaycan-Gürcüstan-Türkiyə yoluna alternativ olan bu dəhliz yüklərin hər iki istiqamətdə daşınmasına daha çox imkan yaradacaq”.

Safura Bənnayeva
Globalinfo.az