ABŞ-nın İran strategiyası: Bakı Qərb üçün bastiona çevrilir

Bakı və Tirana arasında əməkdaşlığın aktivləşməsini Azərbaycanın ABŞ və Avropa Birliyi ilə ümumi yaxınlaşması sırasına daxil etmək olar.

Globalinfo.az bildirir ki, bu sözlər rusiyalı politoloq Pyotr Makedonçevin məqaləsində yer alıb.

“Albaniya özü də məhdud şəkildə bu siyasi konfiqurasiyaya daxildir. Belə ki, onun ABŞ, Türkiyə və İsraillə çox yaxşı münasibətləri var. Dolayı yolla Azərbaycan təkcə Avropaya enerji resurslarının alternativ tədarükçüsü olan ölkə deyil, həm də Qərbin islam dünyasında avroatlantikliyi irəlilədən bastionlarından biridir. Bir sözlə, Azərbaycan və Albaniya arasında əməkdaşlığın inkişafı ABŞ-nin İrana qarşı yönələn və Rusiyaya neqativ təsir edən strategiyasının tərkib hissəsidir”, – məqalədə bildirilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti bir müddət öncə Albaniyaya səfər edib. Səfər çərçivəsində xüsusilə enerji məsələləri müzakirə edilib. Bakının indiki dönəmdə Avropa üçün alternativ enerji mənbəyi olması və xüsusilə Balkanlarda aktiv oyunçuya çevrilməsi Moskvanı narahat etməklə yanaşı, Qərbin Azərbaycana marağını bir qədər də artırır.

İlkin
Globalinfo.az