Eyfel qülləsinin işçiləri hindulardan ibarət qrupun səfəri zamanı qadın işçilərin kişilərlə əvəz olunmasına etiraz olaraq tətilə başlayıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.
Bildirilir ki, sözügedən qrupun səfəri zamanı bəzi qadın işçilərin başqa yerə keçməsi istənilib, bəziləri isə fərqli vəzifələr üzrə kişilərlə əvəzlənib. Hətta bütün qadın işçilərə sözügedən şəxslərin olduqları yerlərdən keçməmələri tapşırılıb. Bu məsələ ciddi narazılığa səbəb olub və rəhbərliyə etiraz bildirilib.
Eyfel qülləsini idarə edən SETE şirkəti bəyanat yayıb ki, hindu heyət səfəri “qadınlarla təması məhdudlaşdıran” şəkildə təşkil etməyi xahiş edib. Şirkət daha sonra açıqlamasında bu şərtləri qəbul etməsinin doğru olmadığını vurğulayıb.
Paris meri Emmanuel Qrequar da qadın işçiləri və tətili dəstəkləyib, o, bu addımı Eyfel qülləsinin təmsil etdiyi dəyərlərə zidd adlandırıb.
Əliyar Xəlil
Globalinfo.az