WhatsApp Image 2025 09 30 at 10

Norveç Rusiya ilə sərhəd bölgəsində hərbi mövcudluğunu gücləndirir. Ölkə sərhədə artilleriya sistemləri yerləşdirməklə yanaşı, bölgədə xidmət edən hərbi heyətin sayını da artırır. Əlavə hərbi texnikanın sərhəd ərazilərinə göndərilməsi nəzərdə tutulur.

Globalinfo.az-a danışan Norveçdə yaşayan azərbaycanlı politoloq Naim Süleymanov deyib ki, bu ölkə hazırda Rusiyaya yaxın şimal bölgəsində hərbi gücünü, o cümlədən ağır artilleriyanı əhəmiyyətli dərəcədə artırır:

“2026-cı ilin avqustunda Norveç Finnmarksbrigaden tərkibində yeni artilleriya batalyonu yaratdı. Bu bölmə K9 VIDAR özüyeriyən ağır artilleriya sistemləri ilə təchiz olunub. İlk “4 K9 VIDAR” artıq “Porsangmoen” hərbi bazasındadır və əlavə “24 K9 Thunder” sisteminin 2028-ci ilə qədər çatdırılması planlaşdırılır. Mövcud sistemlərin atəş məsafəsi 40 km-dən çoxdur.

Fikrimcə, bu məsələ Rusiyanı Norveçin Finnmark (şimal ərazisi) bölgəsində silahlanmasının stratejik addım olaraq gələcəkdə Kola yarımadasındakı strateji hərbi obyektlərini əhatə edə biləcəyinə görə narahat edir”.

WhatsApp Image 2026 08 28 at 12.58.03 601x900 1

Naim Süleymanov

Politoloq bildirib ki, Norveç Ukraynanın ən güclü və ardıcıl dəstəkçilərindən biridir:

“Norveç hökuməti 2026-cı il üçün Ukraynaya ümumilikdə 85 milyard Norveç kronu yardım ayırıb. Bunun 70 milyard kronu hərbi yardım, 15 milyard kronu isə mülki və humanitar dəstəkdir. Norveç parlamentinin məlumatına görə, bu yardım ölkəni 2026-cı ildə Ukraynaya hərbi yardım göstərən ən böyük töhfəçilərdən birinə çevirir. Norveç Ukraynaya yalnız maliyyə yardımı göstərmir. Ölkə Ukrayna əsgərlərinin təlimində iştirak edir, silah və hərbi texnika verir, hava hücumundan müdafiə, dronlar və artilleriya sursatlarının təmin edilməsinə dəstək olur. NATO baş katibi də 2026-cı ildə Norveçi Rusiyanın genişmiqyaslı işğalının başlanmasından bəri Ukraynanın ən güclü dəstəkçilərindən biri adlandırıb.

Bu səbəbdən Rusiyanın Norveçlə sərhədinə yaxın Finnmark bölgəsində ölkənin ağır artilleriya və digər hərbi qüvvələri gücləndirməsinə reaksiyasını yalnız sərhəd məsələsi kimi görmək olmaz. Moskvanın perspektivindən Norveç həm NATO üzvü, həm Rusiyaya birbaşa sərhədi olan ölkə, həm də Ukraynanın əsas Avropa dəstəkçilərindən biridir. Bu amillərin birləşməsi Norveçlə Rusiya arasındakı təhlükəsizlik gərginliyini daha da artırır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: