“Ən yüksək irəliləyişlərdən biri statistik olaraq Bakının nəticələrində qeydə alınıb. Bakı 409 balla 2018-ci ildəkindən daha yaxşı nəticə göstərib. Ümumilikdə Azərbaycanın nəticəsi də Bakı göstəricisinə yaxındır və bir qədər aşağıdır”.
Globalinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə deyib.
Nazir deyib ki, bununla belə, inkişaf etmiş ölkələrlə müqayisədə təbiət elmləri üzrə hələ geri qalırıq:
“Ona görə də bu istiqamətdə təbiət elmlərinin məzmununa, qiymətləndirilməsinə və tədris yanaşmalarına ciddi şəkildə yenidən baxmağa ehtiyac var. Burada əsas məqsəd müasir yanaşmalara uyğunlaşmaqdır. Bakının nəticələrinin yaxşılaşma dinamikasına görə üçüncü yerdə olması müsbət göstəricidir. Ümumilikdə PISA tarixində də Bakının nəticələrinin yaxşılaşması ən yüksək göstəricilərdən biridir”.
Nazir bildirib ki, əsas məsələ bu dinamikanı 2029-cu ilə qədər qoruyub saxlamaqdır:
“Çünki bəzi ölkələrdə nəticələr əvvəl yüksəlir, daha sonra isə yenidən aşağı düşür. Davamlı şəkildə irəliləmək daha çətindir. Əgər növbəti PISA-da Bakı üzrə nəticəni 456 bala, Azərbaycan üzrə isə 420 bala çatdıra bilsək, bu, çox yaxşı nəticə olar. Bundan sonra hər dörd ildən bir 20 ballıq artım əldə etmək artıq əla göstərici hesab olunar”.
Zaira Akifqızı
Globalinfo.az