ABŞ İranın parçalanmasını istəmir, İsrail Vaşinqtonu münaqişəyə qoşur – Politoloq elə məqamları açdı…

İran nüvə sazişinə qayıtmaq üçün hazırkı təklifi rədd edib. ABŞ dövlət katibi Entoni Blinken bununla bağlı bildirib ki, Vaşinqton İranın nüvə silahı əldə etməsinin qarşısını alacaq və bunun üçün ən təsirli yol diplomatiyadır.

İsrailin İranın müxtəlif obyektlərini vurması fonunda Blinkenin “diplomatiya yaxşı yoldur” deməsi nədən xəbər verir?

Globalinfo.az-a mövzunu şərh edən politoloq Turab Rzayev bildirib ki, əslində Blinkenin dediyi fikirlər bir-birinə əks görünə bilər:

“Blinken deyir ki, biz hər bir yolla İranın nüvə texnologiyası əldə etməsinin qarşısını alacağıq. Bu o deməkdir ki, ABŞ müharibə yolunu istisna etmir. Eyni zamanda deyir ki, bunun üçün ən gözəl yol diplomatiyadır. Bu iki fikir fərqli kimi görünə bilər, ancaq ABŞ həmişə oxşar ifadədən istifadə edir. Və bunu İrana qarşı çəkindiriciliyi saxlamaq üçün edir. Yəni ABŞ “bu məsələ sadəcə diplomatiya ilə həll oluna bilər” desə, İran hərbi təhdid olmadığını görüb daha da sürətli şəkildə nüvə çalışmalarını davam etdirər. Ancaq ABŞ İrana qarşı hər hansı bir hücumun əleyhinədir. Blinkenin çıxışı da bunu deməyə əsas verir. Eyni zamanda, Ağ Evdən verilən açıqlamada ABŞ-ın bu hücumlarda rolunun olmadığı rəsmi şəkildə bildirilib”.

Politoloqun sözlərinə görə, digər bir məqam isə odur ki, ABŞ-a müharibə lazım deyil:

“Hazırda ABŞ-ın strategiyası ondan ibarətdir ki, dünyanın bütün diqqəti, nifrəti Ukrayna müharibəsinə, Rusiyaya qarşı yönəlsin. Bütün dünya birləşib texnikası, insan resursları və bütün siyasi və iqtisadi təzyiq üsulları ilə Rusiyaya qarşı müharibə aparsın və o biabırçı şəkildə məğlub edilsin. ABŞ-ın məqsədi odur ki, bütün media resurslarının istiqaməti ora yönəlsin və Avropa İttifaqını məcbur şəkildə bir yumruq kimi öz arxasınca aparmağa çalışır, onlar bundan imtina etməyə çalışsalar da. Ancaq yeni müharibə ocağının yaranması ABŞ-ın maraqlarına xidmət etmir, çünki bu, dünyanın mövqeyini və diqqətini dağıdacaq. Avropa ölkələrinin bir hissəsinin diqqəti ona yönələcək. Rusiya öz təhlükəsizlik statusunu qaldıracaq ki, mən qlobal məsələlərdə arbitr kimi çıxış edəndə belə olmurdu. Avropada Ukraynaya silah vermək istəməyən ölkələr həmin münaqişəyə diqqət ayıracaq”.

Ekspert qeyd edib ki, ancaq İsrailin İrana hücumları və İranın ona verdiyi cavab son məqamda ABŞ-ı istəmədən hansısa şəkildə münaqişəyə qoşulmağa məcbur edə bilər.

O, xüsusi vurğulayıb ki, ABŞ və İran arasında əsas gərginlik İrandakı mövcud rejim və onun anti-İsrail siyasəti ilə bağlıdır:

“Əslində, ABŞ-ın İranla birbaşa problemi yoxdur. Xüsusilə demokratlar partiyasında, Bayden administrasiyasında İranın maraqlarını müdafiə edən xeyli iranpərəst şəxs var. Onlar sadəcə İranda molla rejiminin dəyişməsi və Qərb və İsrail ilə daha çox əməkdaşlığa meylli bir rejimin gəlməsini istəyirlər. ABŞ heç bir halda İranın parçalanmasına razılıq vermir”.

Gülnar Səlimova

Globalinfo.az