“Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ermənistanla bağlı açıqlamaları təhdid xarakterlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Eyni məntiqlə Rusiyada baş verən müxtəlif hadisələrə istinad edərək oxşar açıqlamalar vermək mümkündür. Bu yanaşma düzgün deyil. İndi mən də eyni məntiqlə deyə bilərəm ki, Ermənistanın yeni Rusiyaya çevrilməsini istəmirik. Çünki Rusiyanın müxtəlif yerlərində partlayışlar baş verir”, – deyə o bildirib.
Paşinyan qeyd edib ki, Ermənistan başqa bir ölkəyə və ya siyasi modelə çevrilmək niyyətində deyil:
“Ermənistan Ermənistandır və heç nəyə çevrilməyəcək. Biz getdikcə daha yaxşı bir Ermənistan Respublikasına, daha çox suveren dövlətə çevriləcəyik”.
Xatırladaq ki, ötən günlərdə D.Medvedev İrəvanın siyasi xəttini tənqid etmişdi. “Ermənistanın hazırkı rəhbərliyi inkişaf vektorunu dəyişməyi düzgün hesab edib. Əminəm ki, bu da heç bir yaxşı nəticəyə gətirib çıxarmayacaq. Ermənistanın başına gələ biləcək ən dəhşətli şey onun yeni Ukraynaya çevrilməsidir”, – deyə siyasətçi İran İslam Respublikasının Dövlət Televiziya və Radio Şirkətinə müsahibəsində bildirmişdi.
Safura Bənnayeva
Globalinfo.az