İyunun 26-da Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Prezident İlham Əliyev İran və İsrail arasında baş vermiş qarşıdurma ilə bağlı Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırıb və regionda vəziyyətin gərginləşməsindən narahat olduğunu vurğulayıb.
Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb, Məsud Pezeşkianın Azərbaycana əvvəlki səfərini məmnunluqla xatırlayıblar. Səfər nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyi və bu istiqamətdə birgə səylərin davam etdirilməsinin önəmi vurğulanıb.
Prezident İlham Əliyev həmçinin iranlı həmkarını iyulun əvvəlində Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sammitinə bir daha dəvət edib.
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycan Prezidentinin İran Prezidenti ilə bu mərhələdə telefon danışığı aparması ölkəmizin sülh və sabitlik xəttinə sadiqliyinin daha bir sübutudur:
Hikmət Babaoğlu
“Azərbaycan həmişə qonşu İranın sabit və dinc bir ölkə olmasında maraqlı olub. Şübhəsiz ki, bu gün dünyada diplomatiyanın ən müxtəlif üsullarla aparıldığı bir dövrdə regionda yeni bir müharibənin başlanması heç bir halda arzuolunan deyil. Cənab Prezidentin İranlı həmkarı ilə birbaşa təmas qurması Azərbaycanın qonşuluq və dostluq prinsiplərinə sadiq qaldığını bir daha göstərdi. Bu, eyni zamanda İranda yaşayan soydaşlarımıza da bir mesajdır.
Bir çox hallarda İrandakı bəzi marjinal qruplar hər hansı gərginlik zamanı Azərbaycanı ittiham etməyə çalışırdılar. Bu telefon danışığı bir daha göstərdi ki, Azərbaycan ərazisindən İrana heç bir təhlükə gəlmir və rəsmi Bakı heç vaxt belə yanaşmanı dəstəkləməyib. İran xalqı da bunu düzgün qiymətləndirməlidir. Tehran Azərbaycanla qarşıdurma yaratmaq cəhdlərindən imtina etməlidir.
Bu telefon danışığı iki ölkə arasındakı münasibətlərin gələcək inkişafına müsbət təsir göstərəcək. Regionda sabitliyin bərqərar olması münasibətlərin daha da inkişafına zəmin yaradır. Azərbaycan da bu prosesin tərəfdarı və dəstəkçisidir”.
Turan Rzayev
Globalinfo.az