Yeni Kabinetin köhnə üzvlərinin qovluğunda təzə nələr var? – Xalqın gözləntisi…

Fevralın 16-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin tərkibini təsdiqlədi. Bir nazir (Fikrət Məmmədov) və bir komitə sədri (Mübariz Qurbanlı) istisna olmaqla kabinet üzvləri vəzifələrində qaldı.

Yeni Nazirlər Kabineti yenilənəndən sonra sosial-iqtisadi blokda hansı yeniliklər gözlənilir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov qeyd edib ki, bir ölkədə güclü iqtisadiyyat olmadan güclü ola biləcək heç nə qurub yaratmaq mümkün deyil:

“Azərbaycan son 20 ildə güclü ordunu məhz güclü iqtisadiyyat hesabına formalaşan dayanaqlı maliyyə imkanları hesabına yarada bildi. Bir anlıq təsəvvür edək, əgər bizim yetərincə maliyyə imkanlarımız olmasaydı, 2020-ci ildə 44 günlük savaşda Azərbaycan Ordusunun istifadə etdiyi o müasir silahları necə əldə edə bilərdik?

Fikrət Məmmədov və Mübariz Qurbanlı

Kimsə deyə bilər ki, onları xarici borclanma hesabına da əldə etmək mümkündür. Bəli, heç kim bunu inkar etmir. Lakin xarici borclanma bizim kimi ölkələr üçün asılılıq durumu yaradan əsaslardan biridir. Onun yüksək həddi isə böyük güclərdən asılı ölkə kimi sadəcə uçurumun kənarında dayanmaq deməkdir. Asılı ölkə müstəqil qərar qəbul edə bilməz. Asılı ölkə Qarabağ kimi problemi təkbaşına həll edə bilməz!

Bu dediklərimizə rəğmən ölkədə görüləcək bütün işlərin ön sırasında iqtisadi islahatlar və bu yolla ölkə iqtisadiyyatının daha da gücləndirilməsi kimi hədəflər dayanır. Bu hədəflərə çatmaqla, daha güclü ordu yaratmaq və vətəndaşlarımızın sosial problemlərini yüksək səviyyədə həll etmək şansları qazanmış olarıq. Ona görə də Qarabağ kimi ağrılı problemin həllindən sonra bütün diqqətlər və bütün səylər bu istiqamətdə yönləndirilməlidi.

Fikrət Yusifov

Biz son 20 ildə ölkə iqtisadiyyatını 4 dəfədən çox, dövlət büdcəsini 30 dəfədən çox böyüdə bilmək qədər bir yol keçmişik. Yeni hədəflərimiz Azərbaycan iqtisadiyyatını inkişaf etmiş ölkələrin iqtisadi göstəriciləri ilə müqayisə edilə biləcək səviyyəyə yüksəltmək olmalıdır. İnanıram ki, belə də olacaq”.

İqtisadçı ekspert Natiq Cəfərli isə Nazirlər Kabinetinin tərkibində böyük dəyişikliklərin olmadığını dedi:

Natiq Cəfərli

“Önəmli olan şəxslər deyil, hədəflərdir. Yeni Nazirlər kabineti öz hədəflərini, planlar istiqamətini elan etməlidir. Ölkə iqtisadiyyatında hansı problemlərin olduğunu və onların həlli yollarını göstərməlidir. Bu zaman keyfiyyətli və düzgün diskussiya yaranar. Yalnız bu halda bütün siyasi partiyalar, sivil toplum, media keyfiyyətli müzakirələrə qoşulmaqla ölkədə yeni dönəmin başlanğıcına nail olacaq”.

Safura Bənnayeva
Globalinfo.az