Yeniyetmə qızı Zəhra Mehdiyevanı qəzada itirən professor, hüquqşünas Fərhad Mehdiyev valideynlərə, xüsusilə də atalara çağırış edərək deyib ki, övladlarınızın təlim-tərbiyəsinə fikir verin, onlara zaman ayırın. Ümumiyyətlə, son illərdə bəzi valideynlər “uşaqlar sərbəst böyüməli, onlara müstəqillik tanınmalıdır” düşüncəsindən çıxış edirlər. Həmin şəxslərin fikrincə, övladları öz həyatları ilə bağlı vacib seçimlərdə, qərarlarda istəklərinə uyğun davranmalıdırlar.
Ailədə övlad-valideyn münasibəti necə olmalıdır? Dövlətin bununla bağlı hansı təsir mexanizmləri var?
Globalinfo.az-a danışan sosioloq Mail Yaqub deyib ki, 1980-ci illərdən sonra internetin, 2000-ci illərdən sonra isə sosial şəbəkələrin geniş yayılması dünyanın ahəngini dəyişib:
“Bu gün başqa mədəniyyətlər, xüsusilə də Avropa və Amerika mənşəli həyat tərzi və dəyərlər sistemi internet və sosial şəbəkələr vasitəsilə bütün dünyaya, o cümlədən ölkəmizə yayılır. Açıq danışmalıyıq, biz seçim qarşısındayıq: ya “müasir mədəniyyəti” qəbul etməliyik, ya da öz milli-mənəvi dəyərlərimizi qorumalıyıq. Müasir yanaşmada hesab olunur ki, uşaq müəyyən yaşa çatdıqdan sonra valideynin ona təsir imkanları minimuma enir. Valideyn nəzarəti zəifləyir, uşaq istədiyi qərarı verməkdə sərbəst olur və onun qarşısını yalnız hüquqi mexanizmlər ala bilir. Bu sistemdə əxlaq, tərbiyə və ailə dəyərlərinin rolu əvvəlki qədər ön planda deyil”.
M.Yaqubun fikrincə, Azərbaycan xalqının dəyərləri fərqlidir:
“Bu o demək deyil ki, valideyn övladına qarşı sərt və ya zorakı davranmalıdır. Xeyr, bu bizim dəyərimiz deyil. Ancaq valideyn övladının həyatında iştirak etməli, onun dostu olmalı, yorulmadan və usanmadan ona diqqət göstərməli, nəzarətini itirməməlidir. Bütün imkanlardan istifadə etməlidir ki, övladı milli-mənəvi dəyərlərdən uzaq düşməsin. Kimsə bu baxışları köhnəlmiş hesab edə bilər. Mən isə belə düşünmürəm. Bu, mənim həyata və cəmiyyətə baxışımdır və hesab edirəm ki, bu yanaşma bizim mədəniyyətimizə daha uyğundur. Əks yanaşma isə daha çox yad mədəniyyətlərin təsiri altında formalaşan baxışdır. Biz övladlarımızı itirə bilmərik. Onlara sahib çıxmalı, düzgün istiqamət göstərməliyik”.
Sosioloq vurğulayıb ki, valideynlər övladlarına diqqət və nəzarəti itirsələr, onları mənəvi baxımdan itirmək təhlükəsi ilə üzləşə bilərlər:
“Bu fikirlər təkcə mənə aid deyil. Müasir sosioloqların və psixoloqların da ailənin, valideyn nəzarətinin və dəyərlərin əhəmiyyəti ilə bağlı oxşar yanaşmaları mövcuddur. Ona görə də məsələni açıq şəkildə müzakirə etməli və hansı istiqaməti seçdiyimizə qərar verməliyik. Bu məsələdə dövlət qurumlarının da üzərinə iş düşür. Təsadüfi deyil ki, qədim yunan filosofu Platon dövlətin əsas vəzifələrindən birinin cəmiyyətin təlim və tərbiyəsinə töhfə vermək olduğunu vurğulayırdı. Sonrakı dövrlərdə, xüsusilə XVII əsrdən etibarən Qərb düşüncəsində dövlətin tərbiyə prosesindən kənarda qalması ideyası formalaşdı. Lakin mən bu yanaşmanı doğru hesab etmirəm”.
Mail Yaqub
M.Yaqub deyib ki, dövlət cəmiyyətin böyük mənada valideynidir:
“Necə ki valideyn övladının tərbiyəsinə görə məsuliyyət daşıyır, dövlət də cəmiyyətin mənəvi inkişafına və dəyərlərinin qorunmasına töhfə verməlidir. Bu, qadağalarla deyil, maarifləndirmə yolu ilə həyata keçirilməlidir. Keyfiyyətli seriallar, filmlər, sosial şəbəkələrdə maarifləndirici layihələr, televiziya proqramları və ictimai müzakirələr bunun əsas vasitələrindən ola bilər. Məsələn, sual yaranır: bizim televiziya kanallarında, xüsusilə mədəniyyət mövzusuna həsr olunmuş platformalarda ailə institutuna, valideyn-övlad münasibətlərinə və milli-mənəvi dəyərlərə həsr edilmiş neçə davamlı veriliş var? Təəssüf ki, bu istiqamətdə ciddi boşluq hiss olunur. Psixoloqların, sosioloqların, pedaqoqların və digər mütəxəssislərin iştirakı ilə müntəzəm debatlar, müzakirələr və maarifləndirici proqramlar demək olar ki, yoxdur. Halbuki, cəmiyyətin sağlam inkişafı üçün belə platformalara böyük ehtiyac var”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: uşaq və gənclərin fiziki və mənəvi inkişafı.
Zaira Akifqızı
Globalinfo.az