esas foto 1

İkinci Qarabağ müharibəsindən (27 sentyabr – 10 noyabr 2020) sonra Cənubi Qafqazda hərbi-siyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi. Azərbaycanın mövqeyi, ərazi nəzarəti, hərbi potensialı və regional diplomatik imkanları baxımından yeni mərhələ başladı.

Bu məsələni bir neçə istiqamətdə təhlil etmək olar. Hərbi güc, iqtisadi imkanlar, siyasi-diplomatik mövqe, xarici müttəfiqlər və Ermənistanla müqayisəli qüvvələr nisbəti. Azərbaycan bu kateqoriyalar üzrə Ermənistandan müqayisə olunmayacaq qədər üstündür.

Azərbaycanın mövqeyində baş verən dəyişikliklər

zefer 1

2020-ci ildə başlayan Vətən müharibəsinin yekununda Azərbaycan ərazilərinin bir hissəsinə nəzarəti bərpa etdi və 10 noyabr bəyanatı ilə müharibə dayandırıldı. Bu hadisə Azərbaycanda coşğu yaratdı, xalq meydanlara, küçələrə axışıb Zəfəri qeyd etdi. Ermənistanda isə qəzəbli xalq Nikol Paşinyanın ofisinə hücum edib, onu cəzalandırmaq istəyirdi. Çünki erməni ictimaiyyəti 10 noyabr sazişinin Ermənistan üçün kapitulyasiya sənədi olduğunu anlamışdı. 30 ilə yaxın yüksək pərdədən “Böyük Ermənistan” xoru oxuyan ermənilər İkinci Qarabağ müharibəsinin birinci mərhələsinin yekunundan sarsılmışdı.

Ardından Azərbaycan ərazidə dövlət nəzarətini genişləndirdi, Qarabağda hərbi-siyasi vəziyyət dəyişdi. 19-20 sentyabr 2023-cü ildə Azərbaycanın keçirdiyi antiterror əməliyyatından sonra Qarabağda separatçı qurumun fəaliyyəti sona çatdı. Nəhayət, 2024-cü ilin aprelində Rusiya sülhməramlı kontingenti Azərbaycandan çıxarıldı. Nəticədə Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazisinin bütün hissələrində dövlət suverenliyini faktiki olaraq təmin etdi.

6 ildə nələr dəyişdi?

baki eas yeni 900x506 2

Beləliklə, Azərbaycan son 6 ildə böyük məsafə qət edərək, yalnız regionda mövqeyini gücləndirmədi, beynəlxalq məkanda söz sahibinə, aktora çevrildi. Prezident İlham Əliyev işğal faktına son qoymaqla Azərbaycanı olduqca üstün mövqelərə daşıdı. Burda bir mühüm məqam ondan ibarətdir ki, Ermənistanda Azərbaycana qarşı olan ironik münasibət kökündən dəyişdi. Müharibədən öncə erməni rəsmilərin, siyasətçilərin ritorikası belə idi: “Bakıda çay içəcəyik”, “Yevlaxa kimi irəliləyəcəyik”, “Azərbaycan bayrağı Stepanakertdə yalnız səfirlik açacağı təqdir dalğalana bilər”, “Qarabağ Ermənistandır, nöqtə” və s. Bu ritorika və bütövlükdə Azərbaycan amilinə münasibət Zəfərdən sonra köklü dəyişdi. Həm də yalnız Ermənistanda yox, MDB məkanında, regionda və Cənubi Qafqazda.

2020-ci ildən sonra Azərbaycanın diplomatik mövqeyində də dəyişiklik baş verdi. Qarabağ üzərində suverenliyin bərpası Türkiyə ilə strateji müttəfiqlik, enerji ixracı və beynəlxalq iqtisadi əlaqələr, Xəzər dənizi və Orta Dəhliz baxımından strateji coğrafi mövqe, regional nəqliyyat layihələrində iştirak imkanları yaratdı. Bu, isə dalan ölkə olan Ermənistanın imkanlarını artırdı. Onun Azərbaycana, Türkiyəyə nə qədər ehtiyacının olduğunu tam çılpaqlığı ilə ortaya qoymuş oldu. Ermənistan anladı ki, iki türk ölkəsi ilə düşmənçilik, onlara ərazi iddiası onu böyütmür, əksinə, kiçildir, imkanlarını məhdudlaşdırır.

prl 1

Ermənistanın əsas çətinlikləri

Çətinliklər çoxdur. Məsələn, dənizə çıxışının olmaması, Türkiyə və Azərbaycanla sərhədlərin uzun müddət bağlı qalması, iqtisadi və nəqliyyat baxımından məhdudiyyətlər, 2020 və 2023-cü illərdən sonra hərbi təhlükəsizlik strategiyasını yenidən qurmaq zərurəti bu ölkəni daha da əlverişsiz duruma salıb.

“Əliyev konstitusiyası”

Ermənistan elə bir vəziyyətlə üzləşib ki, xarici siyasətindən tutmuş, daxili proseslərə kimi az qalsın bütün məsələlərdə Azərbaycana möhtac durumdadır. Bu vəziyyəti Bakı məcburən yaratmayıb, bunun üçün heç bir cəhd də yoxdur. İrəvan özü bu vəziyyətlə üzləşib. İş o həddə gəlib ki, Ermənistanda seçki prosesindən tutmuş, daxili ictimai-siyasi proseslərə qədər həlledici faktor Azərbaycan və İlham Əliyevdir. Ermənistanda siyasi diskussiyalarda, ictimai müzakirələrdə Azərbaycan Prezidentinin soyadı Ermənistan baş nazirinin adından daha çox səslənir, çəkilir.

Ermənistan yeni konstitusiya qəbul etməyə hazırlaşır. Müxalifət bunu “Əliyev konstitusiyası” adlandırır. Yəni belə rəy yaranıb ki, konstitusiyadakı yeni müddəaları Bakıdan diktə edirlər. Təbii ki, bu, belə deyil. Ermənistandakı vəziyyətdən doğan qənaətin bizimlə nə əlaqəsi var? Amma ortadakı gerçəklik budur ki, Bakı dəfələrlə bəyan edib, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəa konstitusiyadan çıxarılmaldır, yoxsa sülh sazişi imzalanmayacaq.

Azərbaycanın Qarabağ Zəfəri Ermənistan üçün də qurtuluş oldu. İllərlə işğal faktı onu dalandan çıxmağa qoymurdu. Türk arealında ortada qalmış kiçik Ermənistan “böyük” iddiaların girovluğunda çabalayırdı. Çürük ideyalar, mənasız hikkə bu ölkəyə nəhəng geopolitik proseslərə və beynəlxalq iqtisadi zəncirə qoşulmağa imkan vermirdi.

44 günlük müharibədən sonra Zəngəzur dəhlizi mövzusu aktuallaşdı. İlk vaxtlar bu müzakirələr Ermənistanda narahatlıq yaradırdı. Erməni ictimaiyyəti böyük tablonu görə bilmirdi. Bu layihəni işğal amili kimi təqdim edirdilər. Guya Azərbaycan Zəngəzura hücum edəcək. Bu təbliğat kampaniyanın bəzi pərdəarxası məqamları vardı. Azərbaycanı işğalçı ölkə kimi tanıdıb, mövqeyini zəiflətmək istəyirdilər.

i 112

8 avqust 2025-ci ildə Azərbaycan və Ermənistan liderləri ABŞ prezidentinin iştirakı ilə Birgə Bəyannamə imzaladıqdan sonra ritorika dəyişdi. Artıq Ermənistan TRIPP nəqliyyat layihəsinin yaradılmasından həvəslə danışmağa başladı.

6 il öncə bu günlər İlham Əliyev Prezident və Ali Baş Komandan olaraq yalnız ölkəsinə qələbə qazandırmadı. Cənubi Qafqaza sülh və əmin-amanlıq gətirdi. Separatizmin kökünü kəsdi, işğala son qoydu, ədalətsizliyi aradan qaldırdı. Erməni xalqını separatçıların köləliyindən, Köçəryan-Sərkisyan tandeminin revanşizm xəstəliyindən xilas etdi.

azer ayxan 11

Azər Ayxan
Globalinfo.az

Paylaş: