images 2 1 1

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyatın yenidən canlanması, doğma yurdlarından didərgin düşmüş insanların torpaqlarına qayıdışı ölkəmizin son illərdə qazandığı ən böyük tarixi nailiyyətlərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb, illərlə həsrətində olduğumuz torpaqlarda yeni həyat qurulur.

“Böyük Qayıdış” proqramı təkcə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması deyil, həm də Azərbaycanın qüdrətinin, iradəsinin və gələcəyə hesablanmış siyasətinin təntənəsidir.

Bəs bu proses indiyədək hansı nəticələri verib və qarşıdakı mərhələdə hansı hədəflər reallaşdırılacaq?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi sayəsində Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi:

“Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılmışdır. Bu iqtisadi zonalara tarixi qayıdışın təmin edilməsi, bu ərazilərin bərpa edilməsi və ölkə iqtisadiyyatına reinteqrasiyası növbəti strateji vəzifələr olaraq müəyyən edilmişdir.

İlk olaraq tarixi qayıdışın hüquqi-normativ əsaslarını təhlil etməyə çalışaq. Bu istiqamətdə diqqəti cəlb edən ilk mühüm sənəd  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dir. Bu sənəddə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış milli prioritetlərdən biri kimi müəyyən edilib”.

Deputat qeyd edib ki, ikinci vacib sənəd “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”dır:

“Burada bərpa, məşğulluq, iqtisadi reinteqrasiya və dayanıqlı inkişaf məsələləri ön plana çəkilir. Nəhayət, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”. Bu proqram üzrə icrası nəzərdə tutulan əsas istiqamətlər aşağıdakılardır:

– yaşayış evlərinin və kəndlərin yenidən qurulması;

– yolların, elektrik, qaz, su və rabitə şəbəkələrinin bərpası;

– məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin yaradılması;

– mina və partlamamış sursat təhlükəsinin aradan qaldırılması;

– əhalinin işlə təmin olunması və sahibkarlığın inkişafı;

– Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası.

Proqramın icrası üçün dövlət qurumlarına məsuliyyətlər müəyyən edilib, monitorinq və hesabatlılıq mexanizmi yaradılıb. I Dövlət Proqramının əsas icra dövrü 2022–2026-cı illərdir”.

elman nesirov yeni 3 900x600 1
Elman Nəsirov

Professor bildirib ki, proqramın ilkin plan göstəricilərinə əsasən, 2026-cı ilədək 34 500 ailənin, yəni təxminən 140 min nəfərin doğma torpaqlarına qaytarılması hədəflənib:

“Bəs Böyük Qayıdışın maliyyə yükü nə qədərdir? Burada iki göstəricini ayırmaq lazımdır: I Dövlət Proqramının ilkin hesablanmış maliyyə ehtiyacı və 2020-ci ildən başlayaraq azad edilmiş ərazilərin bərpasına faktiki ayrılan vəsait.

I Dövlət Proqramı üzrə ilkin hesablanmış maliyyə ehtiyacı 30,5–32 milyard manat təşkil edir.

2020–2026-cı illər üzrə dövlət büdcəsindən ayrılan vəsait isə 25,5 milyard manata bərabərdir.

Konkret illər üzrə maliyyə ayırmaları ilə bağlı mənzərə belədir:

-2020–2024-cü illər Təxminən 17,6 mlrd manat

-2025-ci il 4,4 mlrd manat

-2026-cı il 3,5 mlrd manat

-2020–2026-cı illər üzrə cəmi 25,5 mlrd manat

Bu rəqəmlər göstərir ki, bərpa proqramı dövlət büdcəsi üçün uzunmüddətli və çoxmilyardlıq öhdəlikdir. Üstəlik, sonrakı mərhələlərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun tamamlanması, mina təmizləmə və iqtisadi fəaliyyətin genişləndirilməsi üçün əlavə maliyyə tələb oluna bilər”.

E.Nəsirov deyib ki, Prezidentin 30 may 2025-ci il tarixli sərəncamı ilə 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyasının və Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması tapşırılıb:

“Sərəncamda yeni sənədlərin layihələrinin və onların maliyyələşdirilməsi ilə bağlı təkliflərin doqquz ay müddətində hazırlanması nəzərdə tutulub. Beləliklə, maliyyə mənzərəsində iki mərhələni fərqləndirmək lazımdır:

Birinci mərhələ – 2022-2026: I Dövlət Proqramı və 25,5 milyard manatlıq məcmu büdcə ayırması.

İkinci mərhələ – 2027-2030: II Dövlət Proqramı çərçivəsində davamlı qayıdış, məşğulluq, özəl investisiyalar və iqtisadi inkişaf üçün yeni maliyyə ehtiyaclarının müəyyənləşdirilməsi.

Reallıq isə ondan ibarətdir ki, Prezident İlham Əliyevin YAP-ın VIII  qurultayında qeyd etdiyi kimi: “Əsas vəzifələrdən bir Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Biz bu günə qədər bu bölgələrin inkişafına 28 milyard manat vəsait ayırmışıq. Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib, onların böyük hissəsi başa çatıb”.

Professor vurğulayıb ki, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb və bundan sonrakı illərdə “Böyük Qayıdış” daha da sürətlə gedəcək:

“Bəli, bizə “sürətinizi yavaşıdın” deyənlərin, xarici bədxahlarımızın arzularını gözlərində qoyaraq, qan bahasına azad etdiyimiz torpaqlarımızı sürətlə cənnət diyarına çevirəcəyik. Bu, həm dövlət siyasətidir, həm də ictimai sifarişdir”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: