
Türkiyə Rusiyadan təbii qaz idxalını azaltmağı və daha sərfəli alternativ təchizat mənbələrinə üstünlük verməyi planlaşdırır.
Globalinfo.az “Türkiye Today” nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar noyabrın 5-də İstanbulda jurnalistlərlə görüşündə bildirib.
Belə ki, Ankaranın bu qərarı siyasi səbəblərlə deyil, Rusiya qazının yüksək qiyməti ilə əlaqələndirilir. Nazir qeyd edib ki, Türkiyənin Rusiyadan daha az, ABŞ-dan isə daha çox qaz almasının əsas səbəbi qiymət fərqidir.
“Rusiyadan daha az, ABŞ-dan isə daha çox qaz almağımızın səbəbi çox sadədir. Bu, siyasətlə deyil, qiymətlə bağlıdır. Rusiya qazı həddindən artıq bahadır”, – deyə Bayraktar bildirib.
Onun sözlərinə görə, yüksək qiymətlər Türkiyəni daha ucuz və rəqabətqabiliyyətli qaz mənbələri axtarmağa sövq edir. Bu tendensiyanın qarşıdakı illərdə də davam etməsi mümkündür.
Bununla belə, Bayraktar Rusiyadan qaz tədarükünün tamamilə dayandırılmasının nəzərdə tutulmadığını vurğulayıb. Nazir bildirib ki, Rusiya Türkiyənin əsas enerji təchizatçılarından biri olaraq qalır və ölkənin bu qazdan istifadəyə ehtiyacı davam edəcək.
Tahir Turan
Globalinfo.az