WhatsApp Image 2026 11 06 at 15.01.00

Arıqlamaq istəyənlərin sürətli nəticə əldə etmək üçün müraciət etdiyi zəifləmə iynələri bu dəfə gözlənilməz təsirləri ilə gündəmə gəlib. Qısa müddətdə çox çəki itirmək təkcə bədən quruluşunu deyil, üzün görünüşünü də dəyişə, dərinin sallanmasına, qırışların dərinləşməsinə və üzdə çökmüş ifadənin yaranmasına səbəb ola bilər.

Bəs arıqlama iynələrinin istifadəsi üz dərisinə necə təsir edir və bu dəyişikliklərin qarşısını almaq mümkündür?

Globalinfo.az-a danışan endokrinoloq Sevinc Həsənzadə deyib ki, son zamanlar artıq çəki və piylənmə qlobal problemlərdən birinə çevrilib və bu problemdən əziyyət çəkən insanların sayı artır:

“Arıqlama iynələrinin müxtəlif növləri var və insanlar bəzən həkim məsləhəti olmadan, hansı preparatı hansı dozada və necə istifadə etməli olduqlarını bilmədən bu vasitələrə müraciət edirlər. Son zamanlar arıqlama iynələrindən istifadə edənlərin sayı artıb. Bəzi insanlar bu iynələrdən istifadə etməkdən qorxur, bəziləri tərəddüd edir, digərləri isə arıqlamaq məqsədilə onlara müraciət edir. Lakin iynələrdən kortəbii istifadə edənlər də var. Onlar apteklərdən preparat alaraq, hansı iynəni seçməli, hansı dozadan başlamalı, necə və hansı nahiyəyə vurmalı olduqlarını bilmədən istifadə edirlər. Bəzi iynələr qarın nahiyəsinə, bəziləri isə qol və ayaqlara vurula bilər. Hansı preparatın hansı nahiyəyə tətbiq edilməli olduğunu bilmək lazımdır. Həkim göstərişi olmadan özbaşına hərəkət etmək olmaz. Üz əzələləri ilə bağlı dəyişikliklər, üzdə sallanma halları da müşahidə olunur”.

Həkimin sözlərinə görə, əvvəllər Ozempik və Saxenda kimi preparatlarla bağlı xaricdə müxtəlif şikayətlər səsləndirilib, hətta Ozempiklə bağlı məhkəmə iddialarının qaldırıldığı barədə məlumatlar yayılıb:

“Bu iynələrin əzələlərə təsir edərək əzələ kütləsini azaltdığı, nəticədə üzdə sallanma, qocalma və dəridə boşalma yaratdığı barədə fikirlər var. Bu səbəbdən insanlar preparatlardan istifadə etməkdə tərəddüd edirlər. Tirzepatid və semaqlutid tərkibli iynələr mövcuddur. Hansı preparatın kimə təyin olunacağını isə həkim müəyyən edir. Üz dərisinin sallanmasının qarşısını almaq və itirilmiş əzələ kütləsini bərpa etmək üçün iynələrdən istifadə zamanı idman və fiziki aktivlik vacibdir. Çünki əzələ kütləsini qorumalıyıq. Çəki azaldıqda ödem və şişkinlik də aradan qalxır, nəticədə yaxşı göstəricilər əldə edilir”.

WhatsApp Image 2026 11 06 at 14.57.27

S.Həsənzadə bildirib ki, artıq çəkisi çox olan pasiyentlərdə dərinin sallanması mümkündür:

“Üzdə də müəyyən dəyişikliklər müşahidə olunur. Kollagen istifadəsi və idmanla məşğul olmaq önəmlidir. İynələrdən istifadə etməklə yanaşı, idmanla məşğul olduqda daha yaxşı nəticələr əldə edirik. Fiziki aktivlik olmadıqda isə dəridə sallanma müşahidə edilə bilər. Arıqlama iynələrinin faydası iştahanı azaltması və çəki itirməyə kömək etməsidir. Bu preparatlar müalicə məqsədilə də istifadə olunur. Lakin onların müəyyən fəsadları da var. GLP-1 tərkibli preparatlar mədə-bağırsaq sisteminə təsir edir, ürəkbulanma, köp və mədə ağrısı yarada bilər. Bu iynələr iştahanı əhəmiyyətli dərəcədə azaldır və toxluq hissini uzun müddət saxlamağa kömək edir. Bunun səbəbi qidanın mədədə daha uzun müddət qalması və həzmin gecikməsidir. Nəticədə insan özünü daha uzun müddət tox hiss edir”.

Həkim əlavə edib ki, üz və dəri sallanmasının qarşısını almaq üçün arıqlama iynələrindən istifadə ilə yanaşı, idmanla məşğul olmaq çox vacibdir:

“Bu preparatlardan özbaşına istifadə etmək olmaz, mütləq həkim nəzarəti olmalıdır. Mədə boşalmasının gecikməsi səbəbindən qida həzmi də ləngiyir. Bu isə toxluq hissinin uzun müddət davam etməsinə, bəzi hallarda isə ürəkbulanma və mədə ağrılarına səbəb ola bilər. Əsas problemin hormonal səbəblərlə bağlı olub-olmadığı da araşdırılmalı və müvafiq müalicə aparılmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: