ehali

Azərbaycan dövlətinin davamlı inkişafı baxımından ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızın həmrəyliyi, diaspor quruculuğunun gücləndirilməsi və lobbiçilik institutunun formalaşdırılması mühüm amillər sırasında yer alır. Bu baxımdan, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının milli-mənəvi dəyərlərimizi qoruması, mədəniyyətimizi yaşatması və azərbaycançılıq ideologiyasını layiqincə təbliğ edib təmsil etməsi xüsusi əhəmiyyət daşıyır. Diaspor və lobbiçilik fəaliyyətinin inkişafı Azərbaycanın xarici siyasətində mühüm rol oynamaqla yanaşı, mövcud münaqişələrin həlli prosesində də ciddi təsir imkanlarına malikdir. Hazırda xarici ölkələrdə yaşayan azərbaycanlılar müxtəlif təşkilatlar ətrafında birləşərək ölkəmizin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır, eyni zamanda dövlətə öz dəstəklərini nümayiş etdirirlər.

Bu fəaliyyətin sistemli və koordinasiyalı şəkildə aparılması diaspor təşkilatlarının beynəlxalq platformalarda təsir gücünü daha da artırır. Güclü diaspor şəbəkəsi Azərbaycanın milli maraqlarının müdafiəsində mühüm ictimai-siyasi resurs kimi çıxış edə bilər. Xüsusilə informasiya müharibəsi şəraitində xaricdə yaşayan azərbaycanlıların fəallığı ölkə həqiqətlərinin düzgün təqdim olunmasında həlledici rol oynayır. Dövlət-diaspor münasibətlərinin institusional əsasda inkişaf etdirilməsi bu potensialdan daha səmərəli istifadə edilməsinə imkan yaradır. Bu baxımdan diaspor üzvlərinin təşəbbüslərinin dəstəklənməsi və onların fəaliyyətinin stimullaşdırılması strateji əhəmiyyət daşıyır.

Son illərdə Azərbaycanda diaspor quruculuğu, lobbiçiliyin inkişafı hansı səviyyədə qərarlaşıb? Dünya azərbaycanlılarının həmrəyliyi necə dəyərləndirilir?

Globalinfo.az-a danışan deputat Azər Badamov deyib ki, “diaspora” anlayışı insan miqrasiyası ilə bağlıdır və bəşəriyyət üçün yeni deyil:

“İnsanlar qədim zamanlardan bəri ticarət, iş və daha yaxşı həyat vədləri verən yerlərə köçmək üçün can atıblar. Bu, müharibə, təbii fəlakət və yaxud da təbii istək əsasında ola bilər. Buna qloballaşma, geosiyasi dinamika kimi amillərin təsir etməsi mümkündür. Bu və ya digər səbəbdən insanlar dünyanın müxtəlif yerlərinə köçürlər. Daha cəlbedici və proqressiv amillər baxımından sosial-iqtisadi, geniş imkanlar axtarmaq üçün xaricə üz tuturlar. Diaspor fəaliyyəti beynəlxalq xarici siyasət sahəsində aktiv rollardan birinə malikdir. Diasporlar mənşə ölkələrində sosial və iqtisadi inkişafın katalizatoru kimi tanınır. İqtisadi vəziyyətin yaxşılaşmasına, siyasi mühitin demokratikləşməsinə, cəmiyyətin rəngarəng olmasına təsir göstərirlər. Həmin insanlar ölkədə inkluziv dəyərlərin, bərabərliyin, insan hüquqlarının daha da təkmilləşdirməsində fəal rol oynayırlar. Habelə, davamlı inkişaf kimi milli dəyərlərin təmsilçisi olurlar. Miqrasiya ilə başlayan birgəyaşayışla davam edən bu prosesdə dünyanın müxtəlif istiqamətlərinə səpələnən insanlar mədəniyyətlərini və təsirlərini hara getsələr də yayırlar.

azer badamov esasdir

Azər Badamov

Prezident İlham Əliyev çıxışlarında bildirir ki, harada yaşamasından asılı olmayaraq azərbaycanlılar yaşadıqları ölkənin siyasi və iqtisadi həyatına müsbət təsir göstərirlər. Azərbaycan xalqının xislətində özgə torpağına və tikəsinə göz dikmək yoxdur. Ölkə rəhbərinin tapışırığı ilə diaspor siyasəti daha da aktiv şəkildə davam etdirilir. 44 günlük Vətən müharibəsində sadəcə Azərbaycanda yaşayan azərbaycanlılar deyil, dünyanın müxtəlif regionlarına səpələnmiş azərbaycanlılar Müzəffər Ali Baş Komandanımızın ətrafında birləşdilər. Hətta Azərbaycanın xaricdəki səfirliklərinə hücumlar təşkil edilərkən diasporamız sinəsini önə verdi. Bu istiqamətdə təqdirəlayiq adımlar atıldı”.

Deputat bildirib ki, diaspor təşkilatlarının fəaliyyətləri koordinasiya edilir:

“Məhz ermənilərin illər ərzində təşkilatlanaraq, maliyyələşdirilərək öz yalan informasiyalarını dünyaya yaydıqlarının şahidi olduq və bu reallıqda şübhəsiz ki, onların qarşısında daha güclü diaspora dayanmalıdır. Azərbaycanın əldə etdiyi Zəfər diaspora siyasətinə güclü təkan verdi. Hətta etnik zəmində azərbaycanlılara qarşı təqiblər olarkən diasporamız bu kimi əməllərin qarşısında sınmadı, daha möhkəm dayandı. Dövlətimizin xarici siyasətinin realizə olunmasında diaspora fəaliyyətinin aktivliyinin hansı dərəcədə olması çox mühüm amildir.

Dünyada yaşayan azərbaycanlılar həmrəylik nümayiş etdirirlər və Azərbaycanın uğurlarına sevinirlər. Prezident İlham Əliyev bildirib ki, dünyada yaşayan azərbaycanlılarla bizi dil, din, ortaq tarix, milli-mənəvi dəyərlər birləşdirir. Onlar bu və ya digər səbəbdən xarici ölkələrdə məskunlaşa bilərlər, yaşayıb-yarada bilərlər. Lakin onlar Vətənimizin ayrılmaz bir parçasıdırlar. Ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş Azərbaycan bütün dünyada yaşayan azərbaycanlıların vətənidir”.

Xatırladaq ki, təxminən 50-51 milyon azərbaycanlı dünyanın müxtəlif ölkələrində yaşayır.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.

media 900x333 1

Ləman İmran
Globalinfo.az

Paylaş: