Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Globalinfo.Az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüblər.
Görüş zamanı səmimi anlar yaşanıb. Belə ki, sakinlərdən biri nəvələrinin xahişi ilə Prezidentlə şəkil çəkdirmək istədiyini bildirib:
Prezident İlham Əliyev: Burada yaşamısınız?
Kişi sakin: Bəli, bu kəndin sakiniyəm. Bəli, burada doğulub, burada böyüyüb, sürücü işləmişəm. Nəvələrim xahiş etdi ki, cənab Prezidentlə şəkil çəkdirərsən, gətirərsən, biz də başımızın üstündən asacağıq.
Prezident İlham Əliyev: Bəs işğal dövründə harada yaşayırdınız?
Kişi sakin: Bakıda.
Prezident İlham Əliyev: Bakıda? Şərait necə idi?
Kişi sakin: O qədər yaxşı deyildi, 33 ili yola verdik, Allah canını sağ eləsin.
Prezident İlham Əliyev: Hansı işlə məşğul idiniz?
Kişi sakin: Orada da öz maşınımla işləmişəm, QAZ-53-üm var idi.
Prezident İlham Əliyev: İndi burada yenə sürücü?
Kişi sakin: Sürücülük. Maşının daşını atmışam, gedib.
Prezident İlham Əliyev: Burada nə işlə məşğul olacaqsınız?
Kişi sakin: Burada kənd təsərrüfatı ilə. Bizim camaat işlək camaatdır, cənab Prezident, əkəcəklər, biçəcəklər.