Zəfər Gününə aparan yol Azərbaycan əsgərinin qəhrəmanlığı, iradəsi və Vətən sevgisi ilə yazıldı.
Bu tarixi Qələbənin canlı şahidlərindən olan müharibə iştirakçısı Zülfüqar Novruzov Globalinfo.az-a döyüş meydanında yaşananları, unudulmaz anları və 8 Noyabrın onun yaddaşında buraxdığı izlər barədə danışıb.
44 günlük Vətən müharibəsində Füzuli, Xocavənd, Hadrut və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edən müsahibimiz deyib ki, müharibə başlayan zaman könüllü olaraq ordu sıralarına qoşulub:
“Döyüş yolum Füzuli istiqamətindən başladı. Noyabrın 8-də, müharibənin başa çatmasına bir neçə saat qalmış Şuşa yolunda gedən döyüşlərdə yaralandım. Zəfər Gününü hər dəfə qeyd edəndə daxilimdə bir-birinə qarışan fərqli hisslər yaşayıram. Bir tərəfdən qələbə və zəfər sevinci keçirirəm. Nəhayət, müharibədən qalib ayrıldıq, qalib xalq olduq. Bu qürur hissi digər duyğuları üstələyir. Digər tərəfdən isə, döyüşlərdə itirdiyim silahdaşlarım, onların yarımçıq qalan arzuları, həyata keçməyən istəkləri məni kədərləndirir. Qələbəmizə sevinməklə yanaşı, gözü yolda qalan analara, bacılara, qardaşlara, qızlara və oğullara üzülürəm. Buna baxmayaraq, bütün itkilərə rəğmən müharibədən qələbə ilə çıxmağımıza şükür edirəm. Müharibə deyəndə ilk olaraq Füzuli istiqamətindəki döyüşlər yadıma düşür. Sentyabrın 27-də səhər saat 8-ə 12-13 dəqiqə qalmış erməni silahlı qüvvələri tərəfindən Füzuli istiqamətində mövqelərimizə ilk reaktiv raket atıldı və bununla da müharibə başladı. Həmin an məni həm döyüş ruhu, həm də müəyyən qədər qorxu hissi bürümüşdü. Qorxum ölümlə bağlı deyildi. Geridə qoyduğum insanları düşünürdüm. Görəsən, sağ qalacağam, ya yox?”
Müharibə veteranı bildirib ki, həmin vaxt komanda-müşahidə məntəqəsində kəşfiyyatçı-artillerist kimi xidmət edib:
“Döyüşləri vizual olaraq izləyir, koordinatları müəyyənləşdirib ötürürdüm. Əsgərlərimizin şəhid olması, bəzilərinin minaya düşərək bədənlərinin müxtəlif nahiyələrini itirməsi hələ də gözümün qarşısındadır. Müharibədə ən çətin anım kimi yalnız bir hadisəni qeyd edə bilmərəm. Çünki çox ağır günlərimiz olub. Ancaq mənim üçün ən çətin məqamlardan biri müharibə başa çatdıqdan sonra yaşandı. Mən manqa komandiri idim və əsgər yoldaşlarımın əksəriyyəti telefonumdan istifadə edərək ailələri ilə danışırdılar. Kürdəmir rayonundan olan şəhid döyüş yoldaşım Pəhli Qəribovun, daha sonra isə Masallıdan olan Röyad Məmmədovun valideynləri mənə zəng edirdilər. Onlar övladlarının harada olduğunu soruşurdular. Mən isə onların şəhid olduğunu bilsəm də, həqiqəti valideynlərinə deməyə cəsarət etmirdim. Düşünürəm ki, müharibənin ən ağır anlarından biri məhz bu idi.
Digər unuda bilmədiyim hadisə isə təxris olunduqdan sonra baş verdi. Döyüş yoldaşım Pəhlənin qızının ad gününə getməli idim. Qızının 2-3 yaşı vardı. Hələ də yadımdadır, həyətlərinə daxil olanda anasını səslədim. Anası mənə dedi ki, səsimi eşidəndə qızı atasının gəldiyini zənn edib. Bu, mənim üçün çox ağır və təsirli bir məqam idi. Həmin hadisənin yaratdığı hisslərin ağırlığından bu gün də qurtula bilmirəm”.
Z.Novruzov qələbə xəbərini eşidəndə yaralı olub:
“Yük avtomobilinin arxasında 25 nəfər idik. Onlardan 24-ü şəhid olmuşdu, sağ qalan isə yalnız mən idim. Telefonum təsadüfən cibimdə qalmışdı və həmin vaxt zəng gəldi. Açanda universitetdən qrup yoldaşım idi. Mənə müharibənin bitdiyini söylədi. Əvvəlcə buna inanmadım. Hətta bir anlıq düşündüm ki, bəlkə dünyamı dəyişmişəm, yaxud çox qan itirdiyim üçün sayıqlayıram. Diz qapağımdan yaralanmışdım və xeyli qan itirmişdim. Müharibənin başa çatması mənə o qədər qeyri-real gəldi ki, əvvəlcə bunun yuxu olduğunu düşündüm. Sonradan isə bunun həqiqət olduğunu anladım. Müharibənin bitməsinə nə qədər sevinsəm də, itkilərimiz bu sevincə kölgə salırdı. Döyüşlərə 167 nəfərlə başlamışdıq, müharibənin sonunda isə cəmi 20 nəfər qalmışdıq. Təxminən 140 döyüş yoldaşımı itirmişdim. Bu itkiləri düşünəndə qələbə sevincini tam yaşamaq çətin idi.
Düzdür, o vaxt heç birimizin geri qayıdacağımıza böyük ümidi yox idi. Bununla belə, Şuşaya daxil olduğumuz anları heç vaxt unutmuram. Xocavəndin Tuğ kəndində olarkən köhnə məktəblərimizin qalıqlarını görmüşdük. Hadrutda ermənilərin yaratdığı Hadrut Dövlət Universitetinin binasına daxil olduğum da yadımdadır. Yadımdan çıxmayan, bir qədər də gülməli hadisələrdən biri isə Füzulidən Hadruta yeni keçdiyimiz vaxt baş vermişdi. Qardaşım mənə zəng edərək nə etdiyimi soruşdu. Mən də zarafatla “Qardaşın 30 ildir kişi ayağı dəyməyən torpaqlardadır” deyə cavab verdim. Həmin söhbət də yaddaşımda qalan xatirələrdəndir. İndiyədək azad edilmiş torpaqlara səfər etmək imkanım olmayıb. Ancaq iş yoldaşlarımın və ətrafımdakı insanların həmin ərazilərə gedib-gəldiyini eşidəndə qürur hissi keçirirəm. Çünki o torpaqların azad edilməsi uğrunda mən də qanımdan keçmiş, can qoymuşam. Bu, mənim üçün çox qürurverici hissdir və əminəm ki, ömrüm boyu unutmayacağam”.
Ləman İmran
Globalinfo.az