Ermənistan və Qazaxıstan arasında “Tramp marşrutu” (TRIPP) ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əlaqələndirilməsi məsələsi müzakirə olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Qazaxıstanın nəqliyyat nazirinin müavini Asel Janasova Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyanla görüşlər keçirib.
Görüşlərdə TRIPP marşrutunun Qazaxıstan üçün tranzit imkanları, onun inkişaf perspektivləri, Orta Dəhlizlə əlaqələndirilməsi və beynəlxalq nəqliyyat-logistika şəbəkələrinə inteqrasiyası müzakirə olunub.
Qazaxıstan tərəfinin açıqlamasına görə, TRIPP marşrutunun inkişafı beynəlxalq nəqliyyat dəhlizlərinin şaxələndirilməsinə, əlavə yük axınının cəlb edilməsinə və regionda logistika əlaqələrinin genişləndirilməsinə töhfə verə bilər.
Danışıqlar Asel Janasovanın Ermənistana işgüzar səfəri çərçivəsində baş tutub.
Əliyar Xəlil