1032562 src

ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində gələcək prezidentlərin müəyyən dəyişikliklər etməsinin qarşısını almaq məqsədilə sərəncam imzalayıb.

Globalinfo.az xəbər verir ki, Trampın imzaladığı sərəncamla onun əsaslı təmir etdirdiyi Oval kabinet milli abidə statusu alıb.

“Biz ona milli abidə statusu veririk. Heç kimə onu dəyişdirməyə, dağıtmağa və ya sökməyə icazə verilməyəcək”, – deyə Tramp bildirib.

Bununla belə, sərəncamın gələcək prezidentlər tərəfindən ləğv olunub-olunmayacağı və ya məhkəmədə mübahisələndirilib-mübahisələndirilməyəcəyi hələlik məlum deyil.

Sənəddə qeyd olunur ki, qərar prezidentin kabinetin interyerini yeniləmək, mebel seçmək, eləcə də təhlükəsizlik və istismar məqsədilə dəyişikliklər etmək səlahiyyətlərini məhdudlaşdırmır. Lakin bu dəyişikliklər tarixi quruluşa və memarlıq görünüşünə ciddi zərər vurmamalıdır.

Tramp bildirib ki, Ağ Ev və Oval kabinet onun təmirindən əvvəl ciddi baxımsız vəziyyətdə olub. O, sınmış pəncərələri, divarlardakı çatları və zədələnmiş daş konstruksiyaları buna nümunə göstərib.

Qeyd edək ki, Tramp Oval kabinetin görünüşündə bir sıra dəyişikliklər edib. Bunlara kabinetin girişində qızılı rəngli yazının yerləşdirilməsi, Qızılgül bağçasındakı qazonun daş döşəmə ilə əvəzlənməsi və yeni helikopter meydançasının tikintisi daxildir.

Xatırladaq ki, Ağ Evin bütün binası artıq milli tarixi abidə statusuna malikdir. Oval kabinetin indiki forması isə 1930-cu illərin əvvəllərində prezident Franklin Ruzveltin təşəbbüsü ilə yaradılıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: