İsraildə müxalif “Yaşar” partiyasının lideri Qadi Eyzenkot baş nazir postuna namizəd kimi parlamentdəki partiyaların əksəriyyətinin dəstəyini qazanıb. Məlumata görə, yeni çağırış Knessetin 120 deputatından 67-si onun namizədliyini dəstəkləyib.
Bu, deputatların ölkə Prezidenti İsxak Hersoqla keçirdiyi məsləhətləşmələr zamanı baş verib.
Bəs Benyamin Netanyahu vəzifəsindən gedir? Eyzenkotun baş nazir olması İsrailin xarici siyasətində hansı dəyişikliklərə səbəb olacaq?
Globalinfo.az-a danışan politoloq Turab Rzayev bildirib ki, yaranmış siyasi dalanın aradan qaldırılmasında İsrail Prezidenti İsxak Hersoq xüsusi fəallıq nümayiş etdirib.
“Faktiki olaraq ölkədə siyasi dalan yaranmışdı. Nə Netanyahu hökumət formalaşdıra bilirdi, nə də rəqib blok bu istiqamətdə hər hansı nəticə əldə etməyə nail oldu. Belə bir vəziyyətdə prezidentin prosesə müdaxiləsi siyasi münasibətlərin normallaşmasına şərait yaratdı. Ərəb partiyaları faktiki olaraq hakimiyyətə qarşı mövqedədirlər. Lakin müxalifətlə birlikdə hərəkət etmək də istəmirlər. Belə olan halda heç bir siyasi qüvvə təkbaşına hakimiyyət formalaşdıra bilmir.
İsxak Hersoq ərəb partiyaları ilə görüşərək heç kimin ərəb vətəndaşlarına qarşı ayrı-seçkilik etməməli olduğunu bildirdi. Bu görüşdən sonra ərəb partiyaları Qadi Eyzenkotu dəstəkləmək qərarına gəldilər. Eyni zamanda, Avi Liberman da mövcud reallıqda Eyzenkotu dəstəkləyə biləcəyini bəyan etdi. Bütün bunlar göstərir ki, faktiki olaraq Eyzenkotun hökumət qurmaq imkanları kifayət qədər yüksəkdir.

Turab Rzayev
Bununla belə, onun hakimiyyətə gəlməsindən sonra İsrailin xarici siyasətində ciddi dəyişikliklər gözlənilmir. Qonşu ölkələrlə, eləcə də İranla münasibətlərdə köklü dəyişiklik olmayacaq. ABŞ Prezidenti Donald Tramp Benyamin Netanyahunun hakimiyyətdə qalmasını dəstəkləyirdi. Ola bilsin ki, yeni siyasi vəziyyət məhz bu səbəbdən Tramp administrasiyası ilə müəyyən narazılıqlara gətirib çıxarsın.
Son dövrlərdə İsrailin beynəlxalq nüfuzu ciddi şəkildə zədələnib. Ölkə soyqırımı törətməkdə və beynəlxalq hüquq normalarını tanımamaqda ittiham olunur. Ola bilsin ki, yeni hakimiyyət İsrailin beynəlxalq imicini dəyişdirmək və zədələnmiş nüfuzunu bərpa etmək üçün müəyyən addımlar atsın”.
Turab Rzayev
Globalinfo.az