Zaxarovanın Qarabağ mesajı – Bakı-Moskva gərginliyi başlayır?

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2025-ci ildə rus sülhməramlılarının Qarabağı tərk etməli olduğuna dair çıxışını şərh edərkən deyib ki, “Ankara Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 (10) noyabr 2020-ci il tarixli bəyanatının tərəfi deyil və məhz bu sənəd əsasında Rusiya sülhməramlı kontingenti Qarabağ münaqişəsi zonasına (müvəqqəti – red.) yerləşdirilib”.

Maraqlıdır ki, Türkiyə, Azərbaycan, Rusiya arasında müharibə başlayandan bəri anlaşma olduğu deyilirdi. Nə baş verdi ki, münasibətlər gərginləşdi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, geosiyasi reallıqlar sürətlə dəyişir və yeni tələblər, şərtlər meydana çıxır:

“Doğrudur, son zamanlar Türkiyə ilə Rusiya arasında münasibətlər gərginləşib. Bunun bir sıra səbəbləri var: Ukrayna Prezidenti Volodimir Zelənskinin Türkiyəyə səfəri, həmin səfər çərçivəsində “Azov” komandirlərinin Ukraynaya qaytarılması, Türkiyənin İsveçin NATO-ya üzvlüyünə “yaşıl işıq” yandırması və s. Bu kontekstdə Rusiya Prezidenti Vladimir Putinin avqustda Türkiyəyə səfər edəcəyini düşünmürəm.

Ümumiyyətlə, onun gələn ay həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi hələ dəqiq deyil. Kremldən verilən açıqlamalar da bunu göstərir. Görüş olarsa, bu, çox güman, Rusiyada baş tutacaq.

Kənan Novruzov

Ərdoğan reallıqlara uyğun qərar qəbul edir. O başa düşür ki, Rusiyanın vəziyyəti getdikcə pisləşir. Əslində, Moskvanın Ankaradan “inciməyə” haqqı yoxdur. Ən azından ona görə ki, Türkiyə indiyə kimi tərəfləri bir araya gətirmək üçün səmimi səylər göstərən, bəlkə də, yeganə ölkədir.

Sözsüz ki, tərəflər arasındakı gərginlik Cənubi Qafqazdakı vəziyyətə də təsir edir. Ərdoğanın məlum fikirləri, əslində, razılaşmadakı konkret müddəaya əsaslanır. Belə ki, üçtərəfli sənəddə də qeyd olunub ki, etiraz olsa, sülhməramlılar 2025-ci ildə Qarabağdan çıxmalıdır. Əgər onların səlahiyyət müddəti uzadılacaqsa, bunun üçün hər üç tərəfin, yəni həm Azərbaycanın, həm Rusiyanın, həm də Ermənistanın razılığı lazımdır. Yəni Ərdoğan sənədə istinad edib.

İndiki şəraitdə Azərbaycan və Rusiya arasında ciddi gərginliyin yaranacağını düşünmürəm. Bu, heç bir tərəfə sərf etmir. Moskva da Bakı ilə münasibətləri pisləşdirmək istəməz. Hərçənd Türkiyə və Rusiya arasındakı “soyuq küləklərin” bizim əlaqələrimizə təsir etməsi qaçılmazdır. Amma dediyim kimi, bu, ciddi təsir olmayacaq.
Rəsmi Bakı səbirli, soyuqqanlı olmalıdır. Vaxt lehimizə işləyir. Rusiya zəiflədikcə Qarabağdakı mövqelərini itirəcək”.

Turan Rzayev
Globalinfo.az