Pentaqonla Ağ Ev arasında Ukrayna mübahisəsi: F-16 qalmaqalı böyüyür

ABŞ Prezidenti Co Bayden mayın 25-də bəyan edib ki, Baş Qərargahın rəisi Mark Millinin əvəzinə Hərbi Hava Qüvvələrinin komandanı Çarlz Braunun namizədliyini irəli sürür. Nümayəndələr Palatası namizədliyini təsdiqləsə, o, Pentaqonun yeni Baş Qərargah rəisi olacaq.

Mark Milli Ukraynaya F-16 təyyarələrinin verilməsinə qarşıdır. Çarlz Braun isə aviasiya generalıdır.

Maraqlıdır, Mark Millinin belə mövqe tutmasının səbəbi nədir? Bu kadr dəyişikliyi Ukrayna müharibəsinə necə təsir edəcək?

Qabil Hüseynli 

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, ABŞ Baş Qərargahın rəisi Mark Millin bir müddətdir ki, Pentaqonun ümumi maraqlarına qarşı çıxırdı:

“Ukrayna müharibəsi Rusiya hərbi və siyasi elitasında olduğu kimi ABŞ-da da ciddi fikir ayrılıqları yaradıb. İstər siyasi, istərsə də hərbi elita daxilində müharibə ilə bağlı yanaşma eyni deyil. Həmin şəxslərdən biri də məhz Mark Millindir. O, Ukraynaya F-16 təyyarələrinin verilməsinə qarşı olması ilə tanınır.

Bu mənada bir çoxları onun vəzifəsindən göndəriləcəyini bilirdi. Hətta haqqında bir sıra fərqli xəbərlər də yayılıb. Söhbət onun Kremldaxili bəzi şəxslər ilə separat kontaktlarda olması iddiasından gedir.

Əlbəttə ki, bu iddialar nə qədər doğrudur, demək çətindir. Ancaq hər halda əsassız olsa belə ciddi məsələdir.

Co Baydenın Mark Millinin əvəzinə Hərbi Hava Qüvvələrinin komandanı Çarlz Braunun namizədliyini irəli sürməsi də öz növbəsində bu iddialar ilə bağlı ola bilər. Lakin bütün bunlar həm də onu göstərir ki, Vaşinqton daxilində fikir ayrılıqları hökm sürür.

Hesab edirəm, bu məsələnin həlli qısa zamanda tapılacaq. Bayden kadr dəyişikliyi ilə buna nail olacaq. Çarlz Braun kifayət qədər təcrübəli və Bayden administrasiyanın siyasi görüşləri ilə həmfikirdir”.

Kənan Novruzov 

Siyasi şərhçi Kənan Novruzov isə sözügedən kadr dəyişikliyi ehtimalının yeganə səbəbinin Ukraynadakı müharibə olduğunu düşünmədiyini deyib:

“Ümumiyyətlə, Silahlı Qüvvələrdə bu cür kadr dəyişikliyi təəccüblü hal olmamalıdır. Mayk Millinin istefaya göndərilməsinin müxtəlif səbəbləri ola bilər.

İkinci bir tərəfdən, Ukraynadakı müharibədə az qala bütün dünyanın taleyi həll olunur. Odur ki, ABŞ-ın Ukraynaya dəstəyi, hansısa komandandan asılı deyil.

ABŞ-da hətta prezident də simvolik fiqurdur. Qərarları “dərin dövlət” verir. Bu mənada sözügedən kadr dəyişikliyindən sonra ciddi dəyişikliyin olacağını düşünmürəm. Çünki ABŞ müharibənin bitməsində yox, uzanmasında maraqlıdır.

Elə buna görə də silah tədarükündə “xəsislik edilir”. Ağ Ev savaşın bitməsində maraqlı olsa idi, Ukraynaya daha çox dəstək verərdi və F-16 qırıcıları artıq Ukraynada olardı.

Əlbəttə, gələcəkdə F-16 qırıcılarının Ukraynaya verilməsi gözləniləndir. Amma bunu ordudakı kadr dəyişikliyi ilə əlaqələndirmək istəməzdim”.

Turan Rzayev
Globalinfo.az