YAP “Köhnə qvardiya”nı parlamentə niyə yığır? – Hakim partiyanın hədəfi bilindi

Hakim Yeni Azərbaycan Partiyası 1 sentyabrda keçiriləcək parlament seçkilərinə namizədlərinin tam siyahısını açıqladı. Siyahıda Əli Əhmədov, Səyyad Aran, Mübariz Qurbanlı kimi partiyanın tanınan yaşca təcrübəli şəxslərinin də adları var.

Bu şəxslər Heydər Əliyev siyasi irsinin yetirmələridir. Klassik müxalifətlə ideoloji savaşlarda ön sıralarda olublar. Kifayət qədər təcrübələnmiş, üstəlik parlament məktəbi keçmiş “məzunlardır”. Görünür, bu faktorlar onların yenidən MM-ə dönüşünü şərtləndirib.

Globalinfo.az-a danışan VI çağırış Milli Məclis deputatı Aydın Mirzəzadə deyib ki, YAP Azərbaycanda fəaliyyət göstərən əsas siyasi partiyalardan biridir:

“Partiya konstitusiyadan irəli gələn hüquqlarından istifadə edir. Yəni partiyanın atdığı addımlar qanunlara uyğundur.

Bildiyiniz kimi YAP bu yaxınlarda bütün dairələr üzrə namizədliyini irəli sürdü. Bu namizədlərin bir qismi cəmiyyət tərəfindən yaxşı tanınır. Bir qismi namizəd isə partiya daxilində fəaldır. YAP həm də bu namizədlərinin cəmiyyət tərəfindən tanınmasında maraqlıdır. Ona görə də onları qabağa çəkib.

Bu gün namizədləri içərisində ən çox qadınlara yer verən partiya da məhz YAP-dır. 125 nəfərdən 34 nəfəri qadındır. Bu bir daha YAP-ın cəmiyyətin bütün təbəqələri, o cümlədən qadınlara verdiyi qiymətin göstəricisidir”.

A.Mirzəzadə deyib ki, YAP namizədləri içərisində gənclər, ziyalılar, elm xadimləri, eyni zamanda iş adamlarının olması partiyanın ümumxalq partiyası olduğunu göstərir:

“YAP-ın çox güclü namizədlər korpusu var. Marağındayıq ki, daha çox səs toplayaq. Bununla belə, Azərbaycan cəmiyyətinin siyasi palitrası genişdir. Yəni müxalif partiya, həmçinin bitərəf namizədlər içərisindən seçilmə şansı çox olan namizədlər var.

O ki qaldı adıçəkilən şəxslərə, YAP belə hesab edir ki, onlar bu gün parlamentdə fəaliyyət göstərməlidir. Bu, partiyanın qərarıdır. Son nəticəni isə seçicinin verdiyi səslər həll edir”.

Turan Rzayev
Globalinfo.az