Xəbər verdiyimiz kimi, Rusiyanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı son dövrlərdə Rusiya Federasiyasının media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb.
Globalinfo.az son günlər Rusiya teleməkanında Azərbaycana qarşı törədilmiş təxribatların siyahısını təqdim edir:
7 avqust tarixində “Sputnik” radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin “Rusiyanın terrorçu və ekstremistlər siyahısına” daxil edilməsi təklif edilib.
9 avqust tarixində “YouTube” platformasında Azərbaycanın rəhbərliyinə qarşı yenidən təxribatçı fikirlər yer alıb.
13 avqust 2026-cı il tarixində “Çastota ponimaniya” layihəsi çərçivəsində yayımlanan verilişdə Azərbaycana, xalqımıza və ölkəmizin rəhbərliyinə qarşı ifadələr səsləndirilib.
13 avqust 2026-cı il tarixində Azərbaycan Respublikasına qarşı zorakı üsullardan istifadə edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək terrorçuluğa açıq çağırışlar edilib.
16 avqust tarixində “Spas” telekanalında Azərbaycan rəhbərliyinə qarşı təhqir məzmunlu material yayımlanıb.
Qeyd edilən tarixlərdə həmin efir məkanında Azərbaycan Respublikasında konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlar olub.
Bunlarla yanaşı, ümumilikdə Rusiya teleməkanında Azərbaycan Respublikasına qarşı düşmən ritorika və dezinformasiya məzmunlu təxribatlar da diqqət çəkir.
Qeyd edək ki, artıq Azərbaycan Baş Prokurorluğu ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq başladıb.
İstintaq zamanı Rusiya Federasiyası vətəndaşları – “Moskva 24” telekanalının aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç, Rusiya Federasiyasında siyasi məsləhətçi və media eksperti kimi özünü təqdim edən Uralov Semyon Sergeyeviç və televiziya jurnalisti və müxbiri kimi fəaliyyət göstərən, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Çadayev Aleksey Aleksandroviç 14 iyul 2026-cı il tarixdə “YouTube” platformasında “Семён Уралов” adlı kanalda yayımlanan “Чистота понимания” verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiq edilməsi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Əliyar Xəlil
Globalinfo.az