Pandemiya 11

Heyvanlar arasında xəstəliklərin qarşısının alınması və baytarlıq xidmətlərinin gücləndirilməsi üçün dünya üzrə ildə əlavə 2,3 milyard dollar investisiyaya ehtiyac var.

Globalinfo.az xəbər verir ki, bunu Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəhbəri Emmanuel Soubeyran “Financial Times”a açıqlamasında deyib.

Onun sözlərinə görə, əlavə vəsait heyvan sağlamlığı sistemlərinin monitorinqinin gücləndirilməsinə, beynəlxalq standartlara uyğunluğun təmin edilməsinə, baytarların hazırlanmasına, laboratoriyaların və müşahidə sistemlərinin inkişafına, eləcə də vaksinlərin tətbiqinə yönəldilməlidir.

Soubeyran qeyd edib ki, heyvan sağlamlığına qoyulan investisiyalar yalnız kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi baxımından deyil, həm də ictimai səhiyyə və qlobal təhlükəsizlik – pandemiya riski baxımından mühüm əhəmiyyət daşıyır.

Hazırda ÜHST müxtəlif ölkələrlə birlikdə quş qripinə qarşı vaksinasiyanın genişləndirilməsi istiqamətində çalışır. Təşkilatın məlumatına görə, ötən ildən bəri quş qripi və xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə aparılan məcburi kəsimlər nəticəsində 64 ölkədə 160 milyondan çox toyuq tələf olub.

Virus digər heyvanlara da yayılıb. ABŞ-da quş qripi səbəbindən on milyonlarla toyuğun məhv edilməsi yumurta bazarında qiymətlərin kəskin artmasına səbəb olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: