Ehm%C9%99dli Baku

Əhmədli kəndi sakinləri, əsasən də sürücülər kəndə giriş istiqamətində avtomobillərin nizamsız park edilməsindən şikayətlənirlər. Sakinlərin sözlərinə görə, qəbiristanlıqdan kəndə düşən küçənin hər iki tərəfində, eləcə də ərazidəki obyektlərin qarşısında avtomobillər park edilir. Nəticədə yol daralır, digər avtomobillərin, xüsusilə də iri və yük maşınlarının hərəkəti çətinləşir.

Globalinfo.az-a müraciət edən sakinlər deyirlər ki, həmin küçədə avtomobillərin nizamsız və kütləvi park edilməsi ciddi problem yaradıb:

“Sözügedən ərazidə yolun hər iki tərəfində avtomobillər saxlanılır. Əsasən ətrafdakı obyektlərin sahibləri və həmin obyektlərə gələn şəxslər avtomobillərini burada park edirlər. Nəticədə yolun hərəkət hissəsi daralır və böyük ölçülü avtomobillərin, yük maşınlarının həmin küçədən keçməsi demək olar ki, mümkünsüz olur.

Bu vəziyyət kənd sakinləri üçün ciddi narahatlıq yaradır. Məsələn, tikinti üçün qum, tikinti materialı və digər yükləri gətirən avtomobillər əraziyə daxil ola bilmirlər. Sakinlər məcbur qalırlar ki, yük maşınlarını səhər tezdən və ya axşam saatlarında, obyektlərin fəaliyyətinin az olduğu vaxtlarda gətirsinlər. Çünki təxminən səhər saat 7-yə qədər küçə nisbətən boş olur. Obyekt sahibləri işə gəldikdən sonra isə avtomobillərini yolun müxtəlif hissələrində saxlayırlar”.

Sakinlər bildirirlər ki, daha ciddi problem fövqəladə vəziyyət zamanı yarana bilər:

“Yolun bu şəkildə avtomobillərlə tutulması nəticəsində yanğınsöndürən maşınların, təcili yardım və digər xüsusi təyinatlı nəqliyyat vasitələrinin əraziyə daxil olması çətinləşə bilər.

Bundan əlavə, avtomobillərin şəhid Səbuhi Əhmədovun xatirə lövhəsinin qarşısında və ətrafında park edilməsi də sakinlərin haqlı narazılığına səbəb olur”.

Sakinlər deyirlər ki, məsələ ilə bağlı müxtəlif aidiyyəti qurumlara müraciətlər edilsə də, problemin həlli istiqamətində ciddi tədbir görülməyib:

“Xahiş edirik, ərazidə vəziyyətə baxış keçirilsin, avtomobillərin yolun hərəkət hissəsində nizamsız park edilməsinin qarşısı alınsın və kəndə giriş-çıxışın, xüsusilə də xüsusi təyinatlı və yük avtomobillərinin maneəsiz hərəkətinin təmin olunması üçün müvafiq tədbirlər görülsün”.

Globalinfo.az

Paylaş: