Azərbaycan və Rusiya arasında münasibətlərdə yeni gərginlik yaranıb. Belə ki, Rusiya səfiri Mixail Yevdokimov Ukraynada SOCAR-a məxsus obyektlərə endirilən zərbələrlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Rəsmi Bakı görüşdə bu cür hücumların ilk hal olmadığını, əvvəllər də SOCAR-ın infrastrukturunun hədəfə alındığını və bunun nəticəsində ciddi maddi ziyan, eləcə də yaralanan əməkdaşların olduğunu diqqətə çatdırıb. Azərbaycan tərəfi dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hücumların davam etməsinin onların məqsədyönlü xarakter daşıdığına işarə etdiyini vurğulayıb.
Son proseslər nədən xəbər verir? İki ölkə arasındakı vəziyyət bundan sonra necə davam edəcək?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Rusiya-Ukrayna müharibəsi dövründə Moskvanın Bakı ilə əlaqəli obyektlərinin də zaman-zaman hədəfə alınır:
“Müharibənin ilk mərhələsində Xarkovdakı Azərbaycan Baş Konsulluğu zərər görüb. Həmçinin Kiyevdə bir neçə dəfə Azərbaycan səfirliyinin yaxınlığına raket zərbələri endirilib, nəticədə binaya müəyyən ziyan dəyib. Xoşbəxtlikdən, həmin hadisələr zamanı xəsarət alan olmayıb. Son bir il ərzində isə Ukraynada fəaliyyət göstərən SOCAR-a məxsus yanacaqdoldurma məntəqələri və terminallar da hücumlara məruz qalıb. Bundan başqa, Azərbaycan qazının Ukraynaya nəqlində istifadə olunan infrastrukturun hədəfə alındığı barədə məlumatlar yayılıb. Bu hadisələrlə bağlı Azərbaycan XİN dəfələrlə Rusiya tərəfinə etirazını bildirib. İki gün əvvəl SOCAR obyektlərinin hədəfə alınmasından sonra isə Azərbaycanda Rusiyaya rəsmi etiraz notası təqdim edib”.
Oqtay Qasımov
Politoloq bildirib ki, bu cür hadisələr iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərə biləcək amillərdir:
“Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Rusiya 2022-ci il fevralın 22-də “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıblar. Belə addımlar həmin sənədin ruhuna uyğun gəlmir və ikitərəfli münasibətlərə kölgə salır. 2024-cü ilin dekabrında AZAL təyyarəsinin vurulmasından sonra da Azərbaycan-Rusiya münasibətlərində müəyyən gərginlik yaşandı. Lakin sonrakı mərhələdə tərəflər vəziyyəti nəzarətdə saxlamağa və münasibətlərin daha da pisləşməsinin qarşısını almağa çalışdılar. Hesab edirəm ki, bu hadisə də xoşagəlməz olsa da, tərəflər məsələni diplomatik kanallar vasitəsilə müzakirə edəcək. Azərbaycanın narahatlıqları Rusiya tərəfindən nəzərə alınmalıdır. Düşünmürəm ki, bu hadisə iki ölkə arasındakı münasibətlərin ciddi şəkildə pozulmasına səbəb olacaq. Çünki hər iki tərəf əlaqələrin normal məcrada davam etməsində maraqlıdır”.
Ekspertin sözlərinə görə, müharibə şəraitində Rusiya bəzən bu cür addımlarla müxtəlif mesajlar verməyə çalışır:
“Bu, müəyyən mənada Azərbaycanın müstəqil xarici siyasətinə verilən mesaj kimi də qiymətləndirilə bilər.Bütün hallarda Rusiya rəsmiləri Azərbaycanla münasibətləri korlamaqda maraqlı deyil. Əksinə, əməkdaşlığın davam etdirilməsi hər iki tərəfin maraqlarına uyğundur. Bunu bir neçə gün əvvəl Azərbaycan, Rusiya və İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı yeni razılaşmanın imzalanması da göstərir. Buna görə də baş verən hadisə nə qədər xoşagəlməz olsa da, onun ikitərəfli münasibətlərə həlledici və uzunmüddətli mənfi təsir göstərəcəyini düşünmürəm”.
Ləman İmran
Globalinfo.az