İyunun 18-də Azərbaycan Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilib. Azərbaycan və Rusiya arasında parlamentlərarası əməkdaşlıq münasibətlərin mühüm istiqamətlərindən biridir. Bu formatda keçirilən görüşlər iki ölkə arasında dialoqun davam etdiyini və müxtəlif məsələlərin müzakirə olunduğunu göstərir.
Səmimi ortamda keçirilən bu tədbir Rusiya-Azərbaycan münasibətlərinin normallaşmasından xəbər verir?
Globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, Azərbaycan-Rusiya münasibətləri strateji müttəfiqlik səviyyəsindədir:
“2022-ci ildə Azərbaycan və Rusiya dövlət başçıları arasında imzalanmış müvafiq Bəyannamə ilə ikitərəfli münasibətlər ən yüksək səviyyəyə yüksəlib. Bununla yanaşı, münasibətlərimizdə zaman-zaman enişli-yoxuşlu dövrlər və müəyyən soyuqlaşma elementləri də müşahidə olunub. Bunun əsas səbəblərindən biri Azərbaycan Hava Yollarına məxsus mülki təyyarənin vurulması nəticəsində çoxsaylı sərnişinlərin, o cümlədən soydaşlarımızın həlak olması idi. Həmin hadisədən sonra Bakı-Moskva münasibətlərində ciddi gərginlik yarandı. Lakin sonrakı mərhələdə Rusiya münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atmağa başladı. Bu addımlar Azərbaycanın gözləntilərini tam qarşılamasa da, dialoqun bərpasına yönəlmiş cəhdlər kimi qiymətləndirilə bilər”.
Elman Nəsirov
Deputat bildirib ki, son dövrlərdə Rusiyanın Azərbaycanla münasibətlərə yenidən baxmaq və onları əvvəlki yüksək səviyyəyə qaytarmaq istiqamətində müxtəlif siyasi jestlər etdiyi də müşahidə olunur:
“Bu baxımdan hesab edirəm ki, iyunun 18-də Azərbaycan Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclasının keçirilməsi müsbət hadisədir. Görüşün səmimi və konstruktiv şəraitdə baş tutması iki ölkə arasında mövcud anlaşılmazlıqların aradan qaldırılması istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirilir. Azərbaycan hər zaman Rusiya ilə mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərə sadiq qalıb. Ölkəmiz Rusiyaya qarşı tətbiq olunan Qərb sanksiyalarına qoşulmayıb və münasibətlərin qarşılıqlı maraqlar, bir-birinin daxili işlərinə qarışmamaq və faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf etməsində maraqlıdır. Biz eyni yanaşmanı Rusiyadan da gözləyirik. Hesab edirəm ki, parlamentlərarası əməkdaşlıq çərçivəsində keçirilən bu cür görüşlər ikitərəfli münasibətlərin möhkəmlənməsinə və keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaradan mühüm imkanlar açır”.
Zaira Akifqızı
Globalinfo.az