***11:38
Baku Medikal Plaza Klinikalar Şəbəkəsinin Babək filialında pasiyent Quliyeva Şəhla Muxtar qızının müalicəsi ilə bağlı açıqlama yayılıb.
Globalinfo.az-a verilən məlumata görə, pasiyent Quliyeva Şəhla Muxtar qızı hamiləliyinin 22-ci həftəsində tibb müəssisəsinə müraciət edib:
“Aparılan müayinələrdən sonra hamiləliyi klinikamızın mütəxəssisləri tərəfindən tibbi nəzarətə götürülüb. 28 iyul tarixində tibbi göstərişlərə əsasən və mövcud klinik protokollara uyğun olaraq pasiyent üzərində qeysəriyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın intraoperativ mərhələsi fəsadsız başa çatıb. Əməliyyatdan sonrakı dövrdə pasiyentdə qəfil başlayan şiddətli baş ağrısı və qıcolma tutması müşahidə edilib. Dərhal zəruri təxirəsalınmaz tibbi yardım göstərilmiş, reanimasiya və müvafiq ixtisas həkimləri prosesə cəlb olunub.
Aparılan geniş müayinələr nəticəsində pasiyentdə III dərəcəli mitral qapaq çatışmazlığı müəyyən edilmiş və vəziyyətinin qiymətləndirilməsi məqsədilə həkim konsiliumu çağırılıb. Konsiliumun rəyinə əsasən, pasiyentin mövcud klinik vəziyyəti cərrahi müdaxilə üçün uyğun hesab edilməmişdir.
13 avqust 2026-cı il tarixinədək pasiyentin müalicəsi reanimasiya şəraitində davam etdirilmişdir. Göstərilən bütün zəruri tibbi yardıma və aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, pasiyentin həyatını xilas etmək mümkün olmamış və bioloji ölümü qeydə alınıb.
Baku Medical Plaza Klinikalar Şəbəkəsi olaraq mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyirik”.
Qeyd edək ki, Ş.Quliyeva “Azərbaycan Supermarket” MMC-nin təchizat üzrə mütəxəssisi olub.