cin tayvan 1532

Çin Prezidenti Si Cinpin Tayvanın yenidən Çinə birləşdirilməsindən sonra ölkənin tam inkişaf edəcəyini və bunun bütün Çin xalqına rifah gətirəcəyini bildirib.

Pekinin yaxın zamanda bununla bağlı konkret planı var? Çin hansı şərtlər altında Tayvanı dünyada öz ərazisi kimi tanıda bilər? Bu, yeni müharibə anonsudur?

Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Si Cinpin illərdir qarşısına hakimiyyət müddəti başa çatana qədər Tayvanı yenidən Çinə birləşdirmək məqsədi qoyub:

“O, siyasətini bu istiqamətdə formalaşdırıb. Çin lideri hakimiyyətə gələndə ilk növbədə ölkənin iqtisadiyyatını gücləndirməyi özünə hədəf qoydu. Etiraf etmək lazımdır ki, onun hakimiyyəti dövründə Çin iqtisadiyyatı sıçrayış etdi, gücləndi və dünya iqtisadiyyatının lokomotivinə çevrildi.

Elxan Sahinoglu 5
Elxan Şahinoğlu

İkinci mərhələdə o, ölkənin hərbi gücünü artırdı. Hərbi-dəniz qüvvələri və aviasiya donanması güclənən Çin, nüvə dövləti kimi öz qüvvəsini daha da möhkəmləndirdi. Bu gün Çin Rusiya ilə tez-tez hərbi təlimlər keçirir. Hətta Yaponiya bu təlimlərdən narahat olaraq ordusunu gücləndirir. Rusiya Prezidenti Vladimir Putin yaxın zamanda Kuril adalarına səfər etdi və bu da Rusiya-Yaponiya münasibətlərini daha da gərginləşdirdi.

Si Cinpinin dəyişməz hədəfi Tayvanın Çinlə birləşdirilməsidir. Lakin bu, heç də asan deyil. Çünki bu addım faktiki olaraq müharibə deməkdir. Tayvan öz istəyi ilə Çinə birləşməyəcək. Ümumiyyətlə, Tayvanın 20 milyondan çox əhalisi var. ABŞ da bunu qəbul etməyəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: