Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanda yaradılan data mərkəzin sadəcə yerli informasiya texnologiyaları obyekti kimi qiymətləndirilməməli olduğu bildirib.
Sabiq nazir hesab edir ki, Ermənistan ərazisində yaradılacaq mərkəz qlobal süni intellekt şəbəkəsinin və ABŞ şirkətlərinə məxsus digər rəqəmsal proqramların regional “hüceyrəsi” funksiyasını yerinə yetirə bilər. Onun sözlərinə görə, bu proqramların idarə olunması əvvəlki kimi ABŞ-dan həyata keçiriləcək. Ermənistan isə avadanlıqların yerləşdirilməsi, enerji ilə təminatı və digər texniki şəraitin yaradılması ilə bağlı öhdəlikləri öz üzərinə götürəcək.
Sözügedən mərkəz Cənubi Qafqazda ABŞ-ın bir növ “görən gözü, eşidən qulağı” funksiyasını daşıyacaq? Vaşinqton Ermənistanda özünün mərkəzini yaradır? İranın bu layihə ilə bağlı hər hansı reaksiyası, etirazı və ya narahatlığı varmı?
Globalinfo.az-a danışan Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov bildirib ki, ABŞ dövləti və şirkətləri Ermənistanda İT sahəsində iki istiqamətdə iş görür:
“Birinci istiqamət yarımkeçirici çiplərin istehsalı ilə bağlı hazırlıq işləridir. Əsasən NVIDIA şirkətinin resurslarını cəlb ediblər.
İkinci istiqamət isə data mərkəzlərinin yaradılmasıdır. Bu mərkəzlərin yaradılması Mərkəzi Asiya ilə birləşən xətt üzrə həyata keçirilir. Eyni istiqamətdə Azərbaycanla da əməkdaşlıq nəzərdə tutulub.
Ermənistanda bu iki istiqamətdə investisiyaların həyata keçirilməsi heç də İrəvanın formalaşan resurslardan istifadə edə biləcəyi mənasına gəlmir. Bunu ABŞ-ın “görən gözü” və s. kimi dəyərləndirmək lazım deyil. Ümumiyyətlə, bu, nə radiolokasiya stansiyasıdır, nə də hərbi və ya yarım-hərbi infrastruktur.

Fərhad Məmmədov
İranla sərhəd olan Körfəz ölkələrinin bir çoxunda belə data mərkəzlər var. Həmin mərkəzlər də ABŞ şirkətlərinin dəstəyi ilə yaradılıb.
İranı narahat edən ilk növbədə infrastruktur layihələridir. Bu layihələrin təhlükəsizliyini təmin edəcək ABŞ-a məxsus qüvvələrdir. Bunun necə olacağı isə qeyri-müəyyəndir.
TRIPP layihəsinin icrası üçün ABŞ və Ermənistan şirkəti yaradılıb ki, bu da təhlükəsizlik rejimini həyata keçirməlidir. Yəni bu, birinci növbədə Azərbaycan vətəndaşlarının və yüklərinin Naxçıvana təhlükəsiz və maneəsiz keçidini təmin etməlidir. İkinci isə ümumi təhlükəsizlikdir. Bunun necə olacağını isə Ermənistan İranla danışıb həll etməlidir”.
Turan Rzayev
Globalinfo.az