Qafanla bağlı yayılan videoda şok mesaj – 25-ci kadr

Telekanallarda yalnız işğaldan azad edilən torpaqlardan reportajlar yayımlanmır. Şuşadan, Ağdamdan, Cəbrayıldan, Suqovuşandan və Allahın, Ordumuzun bizə qovuşdurduğu digər yerlərdən demək olar hər gün görüntülü xəbərlər, geniş və kiçik formatlı reportajlar izləyirik. Televiziyalarımız işğaldan azad edilən yüksəkliklərdən, mövqelərdən bizim olan, fəqət hələ də işğalda qalan ərazilərdən də verilişlər hazırlayıb, cəmiyyətə təqdim edirlər.

İki gün əvvəl AzTV-nin Qafandan hazırladığı video reportaja tamaşa etdim. Olduqca maraqlı və vacib materialdır. Onu Globalinfo.az-da da yaydıq. Buna 25-ci kadr effekti də demək olar, subliminal mesaj da adlandırmaq mümkündür.

Süjet xətti belədir ki, Azərbaycan ordusu, Dövlət Sərhəd Xidmətinin əsgər və zabitləri dəniz səviyyəsindən min, min beş yüz metr yüksəklikdən Qafan şəhərini müşahidə altında saxlayır. Reportajdan görünür ki, necə deyərlər, əlini uzatsan, Qafan şəhərinə çatar. Bu qədər yaxınlaşmışıq yəni. Bu tarixi ərazimizin, qədim türk yurdunun ermənilərdə olmasına rəğmən, bizimdir – nəzarətimizdədir. Burda digər bir məqam odur ki, ermənilərin istənilən təxribatı hərbçilərimiz tərəfinfən anındaca zərərsiləşdiriləcək.

Mesaj bəllidir: Azərbaycan dövləti dünyaya, eləcə də ermənilərə açıq şəkildə deyir ki, Qafan tarixi torpağımız, doğma ərazimizdir. Biz beynəlxalq və regional masalara Qərbi Azərbaycan konsepsiyası qoymuşuqsa, demək, niyyətimiz tarixi torpaqlara qayıtmaqdır.

Söhbət necə qayıtmaqdan gedirsə, bu haqda Prezident İlham Əliyev açıq şəkildə bildirib. O, iyulda Brüsseldə üçtərəfli görüşdə deyib ki, azərbaycanlılar Qərbi Azərbaycana qayıtmalıdır. İlham Əliyevin bu sözlərinə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də açıq dəstək verib.

Prezident oktyabrın 15-də Füzuli şəhərində yerli sakinlərlə görüşdə azərbaycanlıların Zəngəzura qayıtmaları barədə də danışıb. Həm Brüssel görüşündə, həm Füzulidə tarixi torpaqlara qayıdışın sülh çərçivəsində, dinc yolla baş tutacağını açıq bəyan edib.

Zəngəzurda azərbaycanlıların tarixən ən geniş məskunlaşdığı rayon Qafan rayonu sayılır. Zəngəzur Ermənistana verildikdən sonra Qafan rayonu inzibati ərazi kimi 1930-cu il sentyabrın 9-da təşkil olunub. Qafan rayonu Qubadlı, Qarakilsə, Gorus, Meğri, Ordubad və Zəngilan rayonları ilə həmsərhəddir. Ərazisi 1.345 kv.km təşkil edir. Əhalinin orta sıxlığı 1988-ci ildə hər kvadrat kilometrdə 22 nəfər, Qafan şəhərinin özündə isə 300 nəfər təşkil edib.

Hazırda Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsində 1991-ci il xəritələri əsas götürülür. Söhbət keçmiş sovet respublikaları müstəqil olduqdan sonrakı xəritədən gedir. Amma 1920-ci ildən sonra – Azərbaycanda sovet hakimiyyəti qurulduqdan 80-ci illərin sonlarına kimi Azərbaycanın xeyli ərazisi Moskvanın göstərişi, təşkilatçılığı ilə Ermənistana verilib. Bura çox sayda rayon, şəhər, qəsəbə, kəndlər daxildir. Həmçinin min hektarlarla otlaq və əkin sahələri də Ermənistana verilib. Qafan da bu sırada olan talesiz ərazilərimizdəndir. Bu prosesdə SSRİ rəhbərliyində təmsil olunan ermənilərin rolu danılmazdır…

Ermənistan respublikası Azərbaycanın tarixi torpaqlarında yaradılan süni bir dövlətdir. Zəngəzur, Göyçə, İrəvan və digər ərazilər son 100 ildə Ermənistana verilib. Bu torpaqlar milli hədəflərimizdən ən aktual olanlardır. Yalnız 90-cı illərdə işğal edilmiş torpaqların geri qaytarılması ilə işimizi, missiyamızı bitmiş saymırıq. Növbəti iş azərbaycanlıların qədim yurdlara qayıtmasıdır. Prezident İlham Əliyev beynəlxalq və yerli auditoriya qarşısında bunun ən optimal yolunu açıqlayıb: Dinc yolla, müharibəsiz. Tank üstündə yox, minik maşınları ilə.

Bunun üçün Ermənistan gecikmədən sülh müqaviləsini imzalamalıdır. Bu ən çox ona lazımdır. Qafqazlara sülh, əmin-amanlıq gəlməsə burda yaşayan çoxsaylı xalqların gələcəyi sual altına düşəcək.

Bu gün Azərbaycan dövləti, onun rəhbəri Güney Qafqazı gələcək ixtilaflardan, qarşıdurmalardan qurtarmaq istiqamətində vacib addımlar atır. Ədalətsizlik aradan qalxmasa, xalqlara qarşı baş vermiş haqsızlıq həllini tapmasa, gələcəkdə yenidən münaqişə alovlana bilər. Biz qalıcı sülhdə maraqlıyıq. Bölgədə barış içində yaşanmasının vacibliyini, qaçılmazlığını yaxşı bilirik. Son 30 illik tarix sübut etdi ki, sülhdən başqası yalandır!

Azər Ayxan
Globalinfo.az