Prezidentin çıxışının şifrələri: Ermənistan sülhə razı olmasa, Azərbaycan mütləq ordudan istifadə edəcək

 

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik müraciətində mühüm bəyanatlar səsləndirdi.

Dövlət başçısı çıxışında artıq Ermənistanla sülh müqaviləsinin imzalana biləcəyini, eyni zamanda ölkəmizin hərbi sahədə uğurlarını vurğulamaqla sülhə məcburetmə imkanlarına da diqqət çəkdi. İlham Əliyev laçınlılara da müjdə verdi, onlar bu il Laçına köçə biləcəklər. O, Zəngəzur dəhlizinin açılmasının mütləq olduğunu və Naxçıvanla bağlantının yaranacağını əminliklə ifadə etdi. İlham Əliyev Azərbaycanın iqtisadi sahədə də builki nailiyyətlərini qeyd edərək, Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun artmasını vurğuladı.

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Prezidentin təbrik çıxışını Globalinfo.az-a şərh edərkən bildirib ki, 2023-cü ilə Azərbaycan 2022-ci ildə əsasını qoyduğu ciddi proqramlarla daxil olur:

“Prezidentin açıq şəkildə təbrik mətnində çağırışlarından biri Güney Azərbaycan və Qərbi Azərbaycan məsələsinin rəsmi şəkildə dövlət siyasətinin prioritetinə çevriləcəyindən məlumat verdi. Dünyada baş verən proseslər Azərbaycan ordusunu güclü olmağa vadar edir. Təhlükəsizlik nöqteyi-nəzərindən öz ordusunu çox mükəmməl bir vəziyyətə gətirib, bunu davam etdiriləcəyi mesajını verir. Azərbaycan hərbi ritorika ilə düşmənə qarşı onun istədiyi formada hərbi dildə danışa bilər. Prezidentin hərbi ritorikadan açıq və geniş şəkildə istifadə etməsi 2023-cü ildə Ermənistanla münasibətlərin müəyyənləşdirilməsində hərbi faktorun önə çıxa biləcəyinin mesajı idi. Və dərhal da sülh müqaviləsinə uyğun düşüncələri göstərdi ki, Ermənistanın iki illik, artıq üçüncü ilə daxil olan sülhdən qaçma meylləri və sülhə zərbə vuran tendensiyaları dalana dirənmək üzrədir. Azərbaycan burada Ermənistan üçün artıq pəncərə açmaq niyyətində deyil. Əgər danışıqların effektivliyi 2023-cü il ərzində həyata keçirilməzsə, Azərbaycan mütləq ordudan istifadə edəcək”.

Əziz Əlibəyli: "Dünyada peşə fəaliyyətinə görə öldürülmək ən ağır cinayətdir"

Ekspertin fikrincə, bu çox önəmli mesajdır, çünki əvvəlki ildən fərqli olaraq sülh axtarışlığı nöqteyi-nəzərindən Azərbaycan Ermənistana imkanlar tanımışdı:

“Azərbaycanın il ərzində reallaşdırdığı qətiyyətli cavab – “Qisas” əməliyyatları, 12-14 sentyabr əməliyyatı, Laçın-Şuşa yolunda aksiya, eyni zamanda dünya erməniçiliyinin Azərbaycan əleyhinə çox böyük fəaliyyət göstərməsi, il ərzində iki dəfə Azərbaycan məsələsinin BMT gündəminə daxil edilməsi və Azərbaycanın bu diplomatik müharibədə Britaniyanın, BƏƏ-nin, Rusiyanın, Albaniyanın və bir sıra digər Avropa ölkələrinin iştirakı ilə proseslərdə qalib gəlməsi göstərdi ki, beynəlxalq aləmdə dövlətimizin seçəcəyi yola hansısa formada ciddi təzyiq ola bilməz”.

Politoloq güman edir ki, bu il Paşinyan üçün kritik ildir:

“Prezidentin açıqlamaları da o nəticəni çıxarmağa imkan verir ki, Fransa hərbi prizmadan bölgəyə gəlməyi hədəfləyir. Bəlkə də ilin sonuna doğru Ermənistan Rusiya arasında yaşanan çatı daha da genişləndirəcək həmlə Fransa ordusunun bölgəyə gəlməsi olacaq. Və bunu Prezident təsadüfən qeyd etmədi”.

Ə.Əlibəylinin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması ilə beynəlxalq güclərə mesaj ondan ibarətdir ki, nəticəsindən asılı olmayaraq bu, mütləq şəkildə baş verəcək:

“Ümumilikdə Böyük Qayıdışın icrası ilə bağlı müsbət mesajlar o oldu ki, Laçına qayıdış baş tutacaq. Bu, Azərbaycanın bölgədə həyata keçirdiyi ən böyük kampaniyalardan biri kimi meydana çıxacaq. Prezidentin bu artan həmləsi bir az da geosiyasi mənzərədə kifayət qədər qabarıq görünür, çünki Ukrayna-Rusiya müharibəsinin nəticələrinə yönəlik bizim regionun taleyinə təsir göstərəcək addımların ola bilmə ehtimalı var. Buna hazır olmaq lazımdır. İki ssenari – ya Rusiyanın məğlubiyyəti, ya da Ukrayna və müttəfiqlərinin qələbəsi. Prezident buna görə dayanıqlı iqtisadiyyat məsələsini inkişaf etmiş iqtisadi model üzərindən vurğu etdi. Düşünürəm ki, hər bir halda uğurlu iqtisadi modelin aqibəti mütləq şəkildə güclü hərbi imkanlara söykənməlidir. Bunlar paralel şəkildə olacaq”.

Gülnar Səlimova
Globalinfo.az