Prezidentin köməkçisi Hikmət Hacıyevin son açıqlamaları Azərbaycan–Ermənistan sülh prosesi ilə bağlı yeni müzakirələrə səbəb olub. Vaşinqtonda keçirilən görüşdən bir il sonra tərəflər arasında əhəmiyyətli anlaşmaların olduğu barədə verilən mesajlar sülh sazişinin imzalanması perspektivini yenidən gündəmə gətirib.
Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərmanlı deyib ki, yekun sülh sazişinin imzalanması Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiyasının dəyişdirilməsi, yenisinin qəbul edilməsi halında mümkün olacaq:
“Rəsmi Bakının bununla bağlı haqlı mövqeyi dəyişməz olaraq qalır. Gözləntilər var ki, Ermənistanda referendum payızda baş tutsun və ilin sonuna kimi yekun sülh sazişi imzalansın. Prosesin bu il yekunlaşması regional layihələrin icrasının sürətlənməsi baxımından da vacibdir. Lakin Ermənistan hakimiyyəti referendum keçirməklə bağlı hüquqi maneələrlə üzləşib. Çünki sonuncu seçkidə Paşinyanın komandası hakimiyyəti təkbaşına formalaşdıracaq qədər səs toplasa da, konstitusion çoxluğu əldə edə bilmədi. Bu da yeni konstitusiyanın qəbul edilməsi üçün referendumun keçirilməsi qərarının verilməsində problemlər yaradır”.
Ekspert qeyd edib ki, Ermənistan qanunvericiliyinə görə, bu qərarı parlament verməlidir:
“Yeni konstitusiya layihəsinin parlamentin müzakirəsinə çıxarılması üçün deputatların üçdəbir hissəsinin səsi, yaxud səsvermə hüququ olan 200 min vətəndaşın imzası lazımdır. Referendum qərarının verilməsi üçün isə deputatların 70-nin səsi lazımdır. 64 deputat yerinə sahib olan Ermənistan hakimiyyəti yeni konstitusiya layihəsini parlamentin müzakirəsinə çıxara bilir, lakin referenduma getməklə bağlı lazım olan səs çoxluğuna malik deyil. Bunun üçün 6 deputatın səsi lazım olacaq. Mümkündür ki, Paşinyan komandası müxalifətdən 6 deputatı yanlarına çəkmək istiqamətində işləyəcək”.
Asif Nərimanlı
A.Nərimanlı vurğulayıb ki, İrəvanda zaman-zaman Azərbaycanın da referenduma getməsi haqda fikirlər səsləndirirlər:
“Bu isə əsassızdır, çünki Azərbaycan Konstitusiyasında Ermənistan da daxil olmaqla heç bir ölkəyə qarşı ərazi iddiası yer almır. Bizim konstitusiyada 1991-ci ildə qəbul edilmiş Konstitusiya Aktına istinad olunur, bu sənəddə isə 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad var. Qeyd olunur ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Yəni burada söhbət siyasi varislikdən gedir, hansısa ölkəyə qarşı ərazi iddiasından yox.
Ermənistan tərəfi öz konstitusiyalarını dəyişməmək üçün Azərbaycan Konstitusiyası ilə bağlı əsassız iddialar irəli sürürdü, lakin bu məsələnin hazırda gündəmdən çıxarıldığı görünür. İndi əsas məsələ Ermənistanın birbaşa ərazi iddiaları irəli sürən konstitusiyasını dəyişməsidir, sülh bu halda mümkün olacaq. Bu baş verərsə, Ermənistan dalan ölkə olmaqdan çıxa, eyni zamanda, daha yaxşı gələcək qura bilər. Bunun əksi isə Ermənistanın dövlət kimi mövcudluğunu risk altına ata bilər”.
Turan Rzayev
Globalinfo.az