“Orta məktəblərdə “hüquq” fənni tədris olunmalıdır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibə verib.

Globalinfo.az müsahibəni təqdim edir:

– Qüdrət bəy, 2024-cü ilin dövlət büdcəsi Milli Məclisin Komitələrində müzakirə olunmaqdadır. Müzakirələrin gedişi barədə nə deyə bilərsiniz?

– Hesablama Palatası büdcə layihəsinə dair ciddi araşdırmalara və beynəlxalq təcrübəyə əsaslanan hökumət və deputatlar üçün faydalı olan rəy təqdim edir. Həm rəylə, həm büdcə layihəsi ilə tanış olmaqla iqtisadi vəziyyət haqında geniş təsəvvürlərə malik olmaq mümkündür. 2024-cü ildə Ümuni Daxili Məhsulun (ÜDM) real artım tempi qeyri-neft sektorunda 4,6% artıma səbəb olacaq, amma narahatlıq doğuran fakt ondan ibarətdir ki, Dövlət Neft Fondundan transfertlər çıxılarsa dövlət büdcəsinin gəlirləri 21 milyard 392 milyon manat olacaqdır ki, bu da 2022-ci ilə nisbətdə 6,0%, 2023-cü ilə nisbətdə isə 3,4% azdır. Əhalisinin sayı 10 miyondan artıq olan ölkəmiz üçün büdcəmiz kiçikdir. 2024-cü ildə Azəri-Çıraq-Günəşli yatağı üzrə neft hasilatının 1,1 milyon ton azalması proqnozlaşdırılır. Ona görə hökumət iqtisadiyyatın neft gəlirlərindən asılılığına son qoymaq üçün ciddi islahatlara getmələdir. Deputat həmkarlarım öz çıxışlarında ayrı-ayrı sahələrə daha çox vəsait ayrılmasının vacibliyindən danışırlar, amma vəsait azdır və onlar büdcə gəlirlərinin necə artırılması barədə az təklif verirlər. Vergi və gömrük orqanları ciddi səy göstərirlər ki, heç kim vergi və gömrük rüsumlarını ödəməkdən yayına bilməsin, büdcə gəlirləri artsın, amma iqtisadiyyatın sürətli inkişafını təmin etmədən sosial dövlətin tələblərini qarşılaya biləcək böyük büdcə yarada bilməyəcəyik.

– Sizin təklifləriniz nədən ibarətdir?

– İlk növbədə dövlət aparatı yığcamlaşdırılmalı, dövlətin idarəetmə xərcləri azaldılmalı, iqtisadiyyatın dövlətin nəzarətində olan əsas sahələri özəlləşdirilməyə çıxarılmalı, rəqabət mühiti yaradılmalı, mülkiyyətin toxunulmazlığına təminat verən güclü məhkəmə hakimiyyəti yaradılmalı, korrupsiyaya qarşı effektli mübarizə təşkil olunmalı, xarici investisiyalar üçün əlverişli biznes mühiti yaradılmalı, dövlət bizneslə məşğul olmamalıdır. Konstitusiyanın 59-cu maddəsində deyilir ki,”dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir”.

“Bu cahil yaramazlar savadsız olduqlarından…”

– Məhkəmə və hüquq-mühafizə orqanlarında çalışanların əmək haqlarının artırılması barədə təklifləriniz bəzilərində qıcıq doğurub. Bu barədə nə deyə bilərsiniz?

– Mən tək onların yox, pensiyaların aşağı həddinin, ehtiyac meyarının həddinin, işsizliyə görə müavinətlərin, dövlət idarə,müəssiə və təşkilatlarında çalışanların da əmək haqlarının artırılmasını da təklif etmişəm. Təklif etmişəm ki, şərtlər yumşaldılsın və daha çox insana ünvanlı sosial yardım göstərilsin. Bir qurup öyrədilmiş əxlaqsız kütbeyin olduqlarından etika çərçivəsində, arqumentlərlə mənə cavab verə bilmirlər. Anlamırlar ki, qeyd etdiyim kateqoriyadan olan adamlara ləyaqətli həyatlarını qurmağa bəs edəcək səviyyədə maaş verilməyəndə, onların bir qismi hakimiyyət və qulluq mövqelərindən sui-istifadə edəcək və bu halda təhqirə yol verənlərin də, sahibkarların da dərisinə saman təpəcəklər, cəmiyyətdə nə ədalət olacaq, nə də inkişaf. Bu cahil yaramazlar savadsız olduqlarından inkişaf etmiş ölkələrin təcrübəsini, keçdikləri yolu oxuyub öyrənə bilmirlər.

“Ölkədə hüquq mədəniyyəti yüksəldilməlidir”

– Xankəndində hüquq universitetinin açılmasını təklif etmisiniz. Bu hansı zərurətdən qaynaqlanır?

– Azərbaycanda orta məktəblərdə “hüquq” fənni tədris olunmalıdır. Qanunlara hörmət uşaqlara bağçalardan,məktəblərdən aşılanmalıdır. Hər ay məhkəmələr tərəfindən icraya yönəldilən 100 mindən artıq qərar qəbul olunur. Əhalinin sayından qocalar, uşaqlar, xaricə getmiş əmək miqrantları çıxılsa, məhkəməyə qədər həll olunmuş çəkişmələr, latent (gizli – mövcud olub, amma qeydə alınmayan ) cinayətkarlıq, inzibati hüquqpozmalar nəzərə alınsa, deməli, az qala hər iki adamdan biri qonunları pozur. Ona görə olkədə qanunçuluğun vəziyyəti ciddi müzakirə mövzusu olmalıdır. Tələbələrin sayına görə biz MDB-də belə Tacikistandan sonra sonuncu yerdəyik. Universitetləri bitirən hüquqşünas ixtisasına yiyələnmiş məzunların sayına görə orta Avropa göstəricilərindən 10 dəfə geridəyik. Ali təhsillilərin, alimlərin sayına görə də çox geri qalırıq. Hakimlərin və vəkillərin sayına görə də çox aşağı yerlərdə qərarlaşırıq. Hakimlər və vəkillər işlə həddindən artıq yüklənib. Ona görə keyfiyyətli və hərtərəfli araşdırmalar az qala mümkünsüz olur. Məhz bu səbəbdən yeni hüquq universitetinin açılmasına və digər universitetlərdə hüquq fakültələrinə qəbulun sayında ciddi artıma ehtiyac var. Hər müəssiənin hüquq şöbəsi, yaxud hüquqşünası olmalıdır. İnkişaf etmiş ölkələrdə az qala hər imkanlı ailənin öz hüquqşünası olur. Ölkədə hüquq mədəniyyəti yüksəldilməlidir.