Kiçik dağ qəsəbəsində böyük dünya toplantısı – Davos Forumuna hansı təkliflərlə gedirik?

Yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində “Parçalanmış dünya şəraitində əməkdaşlıq” devizi altında Dünya İqtisadi Forumu (DİF) keçiriləcək. Azərbaycandan forumda ölkə başçısı İlham Əliyev iştirak edəcək. Onun çıxışı yanvarın 19-na planlaşdırılır.

Dünyanın bir saylı iqtisadi və siyasi forumunda müzakirələr hansı kontestdə aparılacaq?

Globalinfo.az-a mövzunu şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Davos Forumu beynəlxalq siyasət, iqtisadiyyat və bir çox problemlərin həllinin tapılması üçün çox ciddi platformadır.

Ekspert hesab edir ki, forumun başlıca mövzusu Rusiya-Ukrayna müharibəsi və müharibənin ərzaq təhlükəsizliyinə yaratdığı təhdidlə bağlı olacaq:

“Hər bir ölkəni təmsil edən dövlət və hökumət başçıları qlobal və daha çox isə öz ölkələrinin mənafelərinə xidmət edən çıxışlar edəcəklər. Təbii ki, Prezident İlham Əliyev Azərbaycanın regional və qlobal maraqlarına uyğun təkliflər, tezislər səsləndirəcək. Dövlət başçısı güman ki, Ermənistanla sülh müqaviləsinin bağlanmasına, Zəngəzur dəhlizinin açılmasının vacibliyinə, Ermənistan tərəfindən ölkəmizin ekoloji terrora məruz qalmasına və sair aktual mövzulara toxunacaq”.

Ekspertin fikrinə görə, Davos Forumu Azərbaycana xarici investorların cəlb olunması üçün çox gözəl tribunadır:

“Burada xarici investorların Azərbaycana dəvətini eşidə bilərik. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və quruculuq işlərində iştirakçılıqla bağlı cənab Prezident tərəfindən təkliflər səsləndirilə, o cümlədən, Azərbaycanda alternativ enerji mənbələrinin istehsalı üçün əlverişli şərait olduğu xatırlana bilər. BP-nin, Səudiyyə Ərəbistanının və BƏƏ-nin şirkətlərinin timsalında iri şirkətlərin alternativ enerji istehsalı sahəsinə investisiya yatırımları təklif edilə bilər. Çünki perspektivdə Azərbaycanın bu potensialı çox genişdir. Bu forumda Avropanın Azərbaycanın qaz ehtiyatlarına ehtiyacı, bu dövlətlərin bizə müraciəti və ölkəmizin onların hər birinə müsbət yanaşması, mümkün dəstəklərin göstərilməsi açıqlana bilər. Azərbaycanın təkcə maddi rifah üçün deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyində rol oynamasına səmimi cəhd etdiyi ifadə oluna bilər. Həmçinin Azərbaycanın etibarlı tərəfdaş olması vurğulanacaq”.

Arxiv foto

İqtisadçının sözlərinə görə, Forumda Zəngəzur dəhlizinin Avropa üçün qazandıracağı dividentlər də gündəmə gətirilə bilər:

“Çünki Azərbaycanın, o cümlədən Orta Asiyanın enerji resurslarının Avropaya çatdırılması üçün bu dəhlizin əhəmiyyəti böyükdür. Orta dəhlizin gələcəkdə buradan keçməsi Zəngəzur dəhlizinin imkanlarını artıracaq. Nəticədə qazanan tərəflər sırasında Avropa da olacaq. Ona görə Avropa bu dəhlizin açılmasında maraqlı olmalıdır”.

Qeyd edək ki, ötən əsrin 70-ci illərindən İsveçrənin dağlıq ərazisində yerləşən Davos qəsəbəsində təşkil edilən Dünya İqtisadi Forumu hər il yanvarın ikinci ongünlüyündə dünya liderlərini, iri şirkətlərin top menecerlərini, siyasi və ictimai xadimləri bir araya toplayır. Təşkilatçıların qiymətləndirməsinə görə, bu il Davosa rekord sayda iştirakçı – 2,7 mindən çox insan gələcək. Rusiya nümayəndə heyəti Davos Forumunda iştirak etməyəcək. Belə ki, ötən ilin yazında DİF Ukraynadakı hadisələrə görə sanksiyalara məruz qalan insanlarla əlaqəni dayandırıb və Rusiyanın nümayəndələri ilə münasibətləri dondurub.

Davosda keçirilən Dünya İqtisadi Forumu (World Economic Forum) dövlət-özəl sektor əməkdaşlığı üzrə beynəlxalq təşkilatdır. Forumun təsisçisi və dəyişməz rəhbəri Cenevrə Universitetinin professoru Klaus Şvabdır. DİF-in builki proqramı özündə dünyanın ən aktual problemlərinin həlli üçün dövlət-özəl sektor tərəfdaşlığına çağırışı ehtiva edir, eyni zamanda dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır.

Gülnar Səlimova
Globalinfo.az