2026-cı ilin ilk yarısında Azərbaycanda yeni iş yerlərinin yaradılması tempinin kəskin zəifləməsi əmək bazarında sadəcə statistik dəyişiklik deyil, iqtisadiyyatda gedən daha dərin proseslərin göstəricisidir.
Rəsmi rəqəmlər də bunu təsdiqləyir. 2025-ci ilin ilk yarısında 102,5 min yeni iş yeri yaradıldığı halda, 2026-cı ilin ilk yarısında bu göstərici 52,3 minə düşüb. Başqa sözlə, yeni iş yerlərinin sayı bir il ərzində təxminən 49 faiz azalıb.
Bu geriləməni tək bir səbəblə izah etmək çətindir. Əsas amillərdən biri iqtisadi artım tempinin zəifləməsidir. İqtisadiyyat daha yavaş böyüdükdə şirkətlər genişlənmə, yeni layihələr və əlavə işçi qəbulu ilə bağlı qərarlarında daha ehtiyatlı davranırlar. Biznes üçün əsas prioritet yeni ştatlar yaratmaqdan əvvəl mövcud xərcləri optimallaşdırmaq və bazardakı mövqeyini qorumaq olur.
Neft-qaz sektorundakı vəziyyət də əmək bazarına təsirsiz ötüşmür. Bu sahədə aktivliyin zəifləməsi yalnız birbaşa məşğulluğa deyil, onun ətrafında formalaşan tikinti, nəqliyyat, logistika və xidmət sahələrinə də təsir göstərə bilər.
Digər tərəfdən, investisiyaların artması avtomatik olaraq iş yerlərinin çoxalması anlamına gəlmir. Əgər investisiyanın böyük hissəsi kapitaltutumlu sahələrə yönəlirsə, iqtisadiyyata böyük həcmdə vəsait daxil olsa da, bunun əmək bazarına təsiri məhdud qalır. İş yerlərinin daha sürətlə artması üçün investisiyanın əmək tutumlu qeyri-neft sahələrinə yönəlməsi xüsusi əhəmiyyət daşıyır.
Əməkhaqqındakı artım da diqqət çəkən başqa məqamdır. Şirkətlər bəzi hallarda daha çox işçi götürməkdənsə, mövcud və ixtisaslı əməkdaşları daha yüksək maaşla saxlamağa üstünlük verirlər. Bu isə əmək məhsuldarlığının artırılması baxımından müsbət olsa da, yeni iş yerlərinin yaradılması tempini zəiflədən amildir.
Bunun üzərinə xammal, logistika, kommunal və digər biznes xərclərinin artmasını da əlavə etmək lazımdır. Xüsusilə kiçik və orta sahibkarlıq üçün yeni işçi qəbul etmək artıq əvvəlki qədər asan qərar deyil. İşəgötürən yalnız əməkhaqqını deyil, sosial ödənişləri və digər əlavə xərcləri də nəzərə almalı olur.
Rəqəmsallaşma və avtomatlaşdırma da əmək bazarının strukturunu dəyişir. Bank, pərakəndə ticarət, logistika və müştəri xidmətlərində texnologiyaların tətbiqi bəzi işlərə olan tələbatı azaldarkən, daha yüksək ixtisas tələb edən yeni peşələrə ehtiyacı artırır.
Beləliklə, hazırkı mənzərəni yalnız “iş yerləri azalır” kimi qiymətləndirmək doğru olmaz. Daha dəqiq ifadə budur ki, Azərbaycanda yeni iş yerlərinin yaradılması tempi zəifləyir və əmək bazarı kəmiyyət deyil, tədricən keyfiyyət mərhələsinə keçir. Şirkətlər daha çox işçi deyil, daha məhsuldar və ixtisaslı işçi axtarmağa başlayırlar.
Əsas risk isə işaxtaranlarla əmək bazarının tələbləri arasında uçurumun böyüməsidir. Bir tərəfdə iş axtaranların sayı, digər tərəfdə isə müəyyən peşələr üzrə işçi axtaran şirkətlər var. Lakin onların tələbləri ilə işaxtaranların bacarıqları üst-üstə düşmədikdə vakansiya olsa belə, həmin iş yerinin doldurulması çətinləşir.
Ona görə qarşıdakı dövrdə əsas məsələ yalnız neçə iş yerinin yaradılması deyil, bu iş yerlərinin hansı sahələrdə və hansı ixtisaslar üzrə açılmasıdır. İqtisadi artımın daha çox qeyri-neft sənayesi, kənd təsərrüfatı, logistika, turizm, rəqəmsal iqtisadiyyat və xidmət sektoruna yönəlməsi həm yeni iş yerlərinin sayını artıra, həm də əmək bazarının daha dayanıqlı inkişafına şərait yarada bilər.
Bu baxımdan işçi qüvvəsinin yeni əmək bazarının tələblərinə uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bunun üçün peşə hazırlığı və yenidən ixtisaslaşma proqramlarının genişləndirilməsi vacibdir.
İşaxtaranlara yalnız mövcud vakansiyalar barədə məlumat vermək kifayət etmir, onları həmin vakansiyalara uyğun bacarıqlarla təmin etmək lazımdır. Dövlət, işəgötürənlər və təhsil müəssisələri arasında daha sıx əməkdaşlıq qurularaq hansı sahələrdə və hansı peşələr üzrə işçi çatışmazlığı olduğu əvvəlcədən müəyyənləşdirilə bilər. Həmin istiqamətlər üzrə qısamüddətli və praktiki peşə kurslarının təşkili həm işsizliyin azalmasına, həm də müəssisələrin ixtisaslı işçi probleminin həllinə kömək edər. Beləliklə, məqsəd sadəcə insanları işlə təmin etmək deyil, işçi qüvvəsini yaranan iş yerlərinə əvvəlcədən hazırlamaq olmalıdır.
Akif Nəsirli
Globalinfo.az