Hindistanın Baş naziri Narendra Modinin Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Ukrayna müharibəsinin bitirilməsi üçün çağırış etməsi diqqət çəkib. Rusiyaya yaxın ölkənin liderinin belə bir çıxışı müzakirələrə səbəb olub.
Həmçinin bir müddət əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayev də Vladimir Putinlə görüşündə müharibəyə ya tamamilə son qoyulması, ya da dondurulmasının vacibliyini vurğulamışdı.
Liderlərin Putinə müharibəni bitirmə çağırışının səbəbi nədir?
Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, indiyədək Putinə Ukraynadakı müharibəni sonlandırması istiqamətində həm Qərb dövlətlərindən, həm də digər, Rusiyaya münasibətdə daha neytral siyasətini qoruyan dövlətlərdən çoxsaylı çağırışlar olub:
“Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya atəşkəs və sülh üçün etdiyi çağırışlarını xatırlamaq olar. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən son Zirvə sammiti çərçivəsində də Rusiya-Ukrayna məsələsi gündəmdə olub. Hindistan dövlət başçısı Modi Putinə sonu görünməyən bu müharibəyə bir son vermək üçün çağırış edib. Lakin bununla bağlı yekun Bişkek Bəyannaməsində hər hansı formulyasiya, sərt bəyanat yer almır.

Şəhla Cəlilzadə
Aydındır ki, ŞƏT üzvlərinin Rusiyaya müraciəti ümumi xarakter daşıyıb, ikitərəfli münasibətləri gərginləşdirəcək həddə çatmır. Əksinə, Rusiyanın Hindistan enerji bazarındakı payı İrandakı vəziyyətlə əlaqədar tarixi rekord həddə çatıb – 51%-ə. Başqa sözlə, Rusiya Ukraynadakı müharibəni strateji üstünlüyü təmin etmədən bitirməyi düşünmür. Lakin Ukraynanın müdafiə və hücum qabiliyyətinin yüksəlməsi Rusiyanın irəliləyişini zəiflədir, tam qələbəsini qeyri-mümkün edir və nəticə etibarilə müharibə sonu görünməyən bir ssenari ilə irəliləyir. Putin Zirvədə bəyan edib ki, müharibəni qalibiyyətli sonadək davam etdirəcək və yalnız öz şərtləri daxilində yekunlaşdıracaqdır”.
Turan Rzayev
Globalinfo.az