ABŞ Dövlət katibi Marko Rubio Rusiyanın İrana yardım göstərməsinin Vaşinqtonun öz təhlükəsizlik maraqlarını qorumaq üçün zəruri addımlar atmasına mane olmayacağını bildirib.
Globalinfo.az-ın xəbərinə görə, Rubio qeyd edib ki, ABŞ İran məsələsində Rusiyanın mövqeyi ilə bütün məsələlərdə razılaşmır.
Onun sözlərinə görə, Moskvanın Tehranla əməkdaşlığı Vaşinqtonun öz milli təhlükəsizliyi ilə bağlı qərarlarına təsir etməyəcək.
ABŞ Dövlət katibi Rusiya Prezidenti Vladimir Putinin hazırda diqqət tələb edən kifayət qədər ciddi problemlərinin olduğunu vurğulayıb. O, ilk növbədə Ukraynada davam edən müharibəni və Ukraynanın Rusiya ərazisinə zərbələrinin, eləcə də tətbiq olunan sanksiyaların ölkə iqtisadiyyatına təsirlərini qeyd edib.
Rubionun açıqlaması ABŞ-İran qarşıdurması fonunda Moskva ilə Tehran arasında artan əməkdaşlığın Vaşinqton tərəfindən diqqətlə izlənildiyini göstərir. Son məlumatlara görə, Rusiya İranla hərbi-texniki və kəşfiyyat sahələrində əməkdaşlığını davam etdirir.
Əliyar Xəlil