1788188738 17881829896300052792 1

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan türkcəsində danışması və bu dili ailə daxilində də istifadə etməsi yenidən diqqət çəkib. Xüsusilə onun Qırğızıstanda Prezident İlham Əliyevlə Azərbaycan dilində ünsiyyət qurması bu məsələnin təsadüfi, yoxsa məqsədli seçim olduğu barədə müzakirələrə səbəb olub.

Bu, bir missiyadır, yoxsa təbii hal?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Pezeşkianın Əliyevlə təmasları zamanı ana dilindən istifadə etməsi halı ilk deyil:

“Bir neçə dəfə bunun şahidi olmuşuq. Son olaraq Bişkek görüşündə də tərəflər danışıqların müəyyən hissəsində Azərbaycan türkcəsində ünsiyyət qurublar. Şübhəsiz ki, İran hakimiyyəti daxilində bu məsələyə fərqli münasibət bəsləyən qruplar və çevrələr var. Onlar Pezeşkianın ana dilində danışmasına müsbət yanaşmırlar. Pezeşkian hakimiyyətə yeni gəldiyi dövrdə Təbrizdəki görüşlərdən birində bir neçə cümlə türkcə danışdı. Həmin vaxt məmurlardan biri ona farsca danışmasının lazım olduğunu bildirdi. Bu da göstərir ki, məsələ İranda yeni deyil. Lakin nəzərə almaq lazımdır ki, İranda müəyyən dəyişikliklərin baş verməsi labüddür. Pezeşkianın prezident seçilməsi də bu dəyişikliklərin göstəricilərindən biridir. İran əhalisinin mühüm hissəsini təşkil edən türklərin öz ana dillərindən istifadə etməsi təbii haldır”.

oqtay qasimov 11
Oqtay Qasımov

Politoloq bildirib ki, Pezeşkian milli düşüncəyə sahib olmaqla yanaşı, İran dövlətinin prezidentidir:

“Onun ana dilində danışması da bu baxımdan təbii proses kimi qəbul edilməlidir. İran prezidentini yaxından tanıyanlar da deyir ki, o, həm universitetdə çalışdığı dövrdə, həm də ailə daxilində əsasən ana dilində danışıb.

Hesab edirəm ki, Məsud Pezeşkianın zaman-zaman ana dilindən istifadə etməsi İranda milli şüurun oyanması və inkişafı baxımından əhəmiyyətli hadisədir. Fars millətçiləri də bu reallıqla barışmalıdırlar. Çünki İranda müxtəlif xalqlar, etnik qruplar və milli azlıqlar yaşayır, onların öz dillərində danışmaq hüququ var. Bu baxımdan dövlət rəhbərinin ana dilindən istifadə etməsi normal və təbii qarşılanmalıdır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: