78777

Vaşinqton sammitindən bəri biz faktiki sülh şəraitində yaşayırıq. Azərbaycanla Ermənistan arasında hərbi eskalasiya baş verməyib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Bakıda “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransındakı çıxışında deyib.

    Onun sözlərinə görə, hökumətlər və cəmiyyətlər arasında dialoq davam edib, ticarət və iqtisadi əlaqələr başlayıb, bağlantı və kommunikasiya layihələri inkişaf etdirilir: “Eyni zamanda, cəmiyyətlərimizdən fərqli gələcəyə nəzər salmaları gözlənilir. Bu, həqiqətən də tarixi fürsətdir. Lakin sülh yalnız siyasi sazişlərlə yaradılmır. Sülh yerdə, insanların gündəlik həyatında görünən və hiss olunan hala gətirilməlidir. Azərbaycanda isə sülhü görünən etməyin qarşısındakı ən böyük maneələrdən biri məhz yerin altındadır. 2020-ci ilin sonundan etibarən Azərbaycanda 437 nəfər minaların qurbanı olub — onlar ya həlak olub, ya da xəsarət alıblar. Hər bir yeni qurban yalnız humanitar faciə deyil. Bu, ailələr üçün psixoloji zərbədir. Bu, həm də cəmiyyətə müharibənin hələ tam geridə qalmadığını xatırladır və bu, istər-istəməz normallaşma prosesinə ictimai inama mənfi təsir göstərir”, – Elçin Əmirbəyov qeyd edib.

    Paylaş: