Sentyabrın 1-də Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüş bir çox baxımdan diqqət çəkib. Məlumata görə, liderlərin gündəliyində görüşün 30 dəqiqə olması planlansa da, müzakirə 1 saat 30 dəqiqəyə qədər uzanıb. Türkiyə lideri ölkəsinin Rusiya ilə bir çox istiqamətdə yaxın əlaqələrinin olduğunu vurğulayıb. O, Rusiyanın da layihə ortaqlığı ilə Akkuyu Atom Elektrik Stansiyasının yaxın zamanda istifadəyə veriləcəyini, həmçinin gələcəkdə də bənzər layihələrin planlandığını söyləyib.
Putin-Ərdoğan görüşünün uzun çəkməsinə səbəb nədir? Rusiya Türkiyədə yeni AES-lər açacaq?
Globalinfo.az-a danışan siyasi analitik Aqşin Kərimov deyib ki, Ankara və Moskva rəqib tərəfdaşlardır:
“Paradoks kimi görünə bilər, ancaq faktların dili deyir ki, bu rəqabət onların tərəfdaşlığının zəifləməsinə deyil, daha da güclənməsinə gətirib çıxarır. Bu, əsasən geosiyasi şərait, təhlükəsizlik mühitindəki hekayələr ilə bağlı inkişaf edir.
Əvvəlki illərdə Türkiyə-Rusiya münasibətlərindəki rəqabəti Suriya teatrında görə bilərdik. Lakin Bəşər Əsədin devrilməsindən sonra Türkiyənin Yaxın Şərqdə artan geosiyasi portfeli onun regionda təhlükəsizlik atmosferindəki rolunu və təsirlərini gücləndirir. Belə olduğu təqdirdə Rusiya Suriyada öz təsirlərini itirən tərəf kimi Türkiyə ilə münasibətləri fərqli bir nöqtəyə çatdırmaq istəyir. Türkiyə ilə münasibətlər Rusiya üçün Yaxın Şərqdə itirilmiş nüfuzun kompensasiya edilməsi baxımından mühümdür”.
Politoloq deyib ki, digər rəqabət arenası isə Qara dənizdir:
“Bu da Rusiya-Ukrayna müharibəsi ilə bağlı dəniz təhlükəsizliyi barədə çağırışlar meydana çıxarır. Bununla belə, həmin regionda baş verən hadisələr iki ölkəni – Türkiyə və Rusiyanı bir-birinə daha ehtiyatlı mövqedən davranmağa məcbur edir. Belə ölçülü-biçili davranışlar Ankara ilə Moskvanın münasibətlərində razılaşma üçün qapıları həmişə açıq saxlayır.
Bu, bir tərəfdən NATO üçün də faydalı və sərfəlidir. Çünki Rusiya ilə açıq və effektiv dialoq kanallarından biri Türkiyədir. Ankara bunu çox peşəkar şəkildə həyata keçirir. Belə olduğu təqdirdə NATO Türkiyəni Rusiyanın hansısa ambisiyalarından geri çəkmək üçün razı salmaq prizmasından dialoq qapılarının açıq qalmasına çalışır. Alyans bunu Türkiyənin xarici siyasət kursundakı prioritetlər üzərindən həyata keçirməkdə maraqlıdır.
Deməli, Türkiyə regionda həm NATO-nun maraqlarını təmsil edir, həm də milli strateji və təhlükəsizlik konsepsiyasını önə çıxararaq Rusiya ilə münasibətlərin inkişafını irəlilədir”.
Aqşin Kərimov
A.Kərimov vurğulayıb ki, Türkiyə hazırda əsasən Rusiya-Ukrayna münaqişəsinin bitməsinə çalışır:
“Türkiyənin bu prosesdə broker kimi çıxış etməsi onun dünya təhlükəsizlik sistemindəki yerinə əlavə rəng verir. Bununla da Türkiyə münaqişələri bitirməyə səy göstərən mərkəz kimi çıxış edərək öz nüfuzunu gücləndirir. Bu isə Türkiyənin regionlararası əməliyyat modelindəki prioritetlərini əlaqələndirməkdə Ankaraya unikal fürsətlər verir.
Türkiyə-Rusiya münasibətlərinin inkişafını gözləmək daha məqsədəuyğun proqnoz kimi səslənir. Rəqabət ssenarisi üzrə də proseslərin davam etməsi istisna deyil. Çünki Suriya mövzusunda Rusiyanın da bəzi gizli hərəkətləri mövcuddur. Suriyanın özündə Rusiyadan iqtisadi asılılıqlar qalmaqadadır.
Yaxın Şərq və Şərqi Avropadakı son münaqişələr enerji təhlükəsizliyinin əhəmiyyətini daha da artırıb. Təchizat fasilələri və vacib aktivlərin hədəfə alınması müasir müharibəni getdikcə daha çox müəyyən etdikcə, enerji mənbələrinin şaxələndirilməsinə, daxili istehsalın genişləndirilməsinə və daha təhlükəsiz infrastruktura investisiya qoyuluşuna diqqət yenidən artır.
Bu, Türkiyə və Rusiyanın enerji sahəsindəki hesablamalarında, o cümlədən Akkuyu Atom Elektrik Stansiyası haqqındakı razılaşmada yanılmadığını göstərir. Bu nəhəng layihə Türkiyənin enerji potensialını artıraraq daxili tələbatı ödəmək üçün sabitlik gətirə bilər. Bu, Rusiya və Türkiyə üçün regionda geosiyasi balans baxımından strateji nemətdir”.
Turan Rzayev
Globalinfo.az