İranla nə zaman barışa bilərik? – Bakının şərti qüvvədə qalır

İranla münasibətlərdə nisbi sakitlik yaranıb. Bu, ilk baxışda belə görünür. Amma proses davam edir. Tehranla münasibətlər hansı şərtlərdə qaydaya düşə bilər? İran çalışır ki, münasibətləri bərpa etsin. Amma Azərbaycanın şərtlərinin olduğu məlumdur.

Səfirlik terroruna görə araşdırma düzgün aparılmalıdır və İran yüksək səviyyədə Azərbaycandan üzr istəməlidir. İstəyəcəkmi? Yoxsa, bu qarşıdurma sonsuza qədər davam edəcək?

Əjdər Tağızadə

Mövzunu Globalinfo.az-a şərh edən “Güney Azərbaycan Demokratik Türk Birliyi” (GADTB) təşkilatının sədri Əjdər Tağızadə İranın Azərbaycana qarşı həyata keçirdiyi təxribatlardan söz açıb:

“Bu məsələdə Tehran gərək hər şeyi nəzərə alaraq diqqətli addım atsın. Beynəlxalq qanunlara zidd olaraq bir terroristin əli ilə səfirliyimizə hücum edilir və diplomatımız öldürülür. Dəfələrlə Azərbaycanla sərhəddə qoşun yığıb, dronlarla uçuş həyata keçirib. Həmçinin ölkənin rəsmi şəxsləri vasitəsilə Bakıya təhdid mesajları səsləndirirlər. Digər tərəfdən, terror dövləti olan Ermənistanı dəstəkləyərək Azərbaycana qarşı elan olunmamış müharibə aparır. Beynəlxalq hüquqa uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulan Zəngəzur dəhlizi layihəsinə İrəvan vasitəsilə mane olmağa çalışır. Hər şəkildə Azərbaycanın suverenliyinə qarşı addımlar atırlar. Bütün bunlarla yanaşı Azərbaycan daxilində özlərinə əlaltı toplayaraq açıq şəkildə ölkəni təhdid edirlər. Guya qanunlara qarşı çıxaraq gəlib “Kərimə dövlət” quracaqlar”.

Ə.Tağızadə İranın dünyadakı mövqeyini nəzərə çatdıraraq, Azərbaycanın xarici əlaqələrinə qarışmağa haqqı olmadığını bildirib:

“Münasibətlərin tənzimlənməsi üçün Tehran rejimi bütün bunlardan əl çəkməlidir. Azərbaycan Respublikası İranın rahatlıqla hərəkət edə biləcəyi meydan deyil. Sonra da “Bakı dövləti” deyə müraciət edirlər. Özlərinə gəldikdə uzun bir paraqraf açırlar “İran İslam Respublikası” deyə. Dünya dövlətləri Tehran rejimini terror dövləti olaraq tanıyır. Bunu biz deyil, hər kəs deyir.

Azərbaycanın dünya ölkələri ilə müntəzəm əlaqələri var. Heç kim Bakının hansı ölkədə səfirlik açmasını sorğulamaq haqqına sahib deyil. Azərbaycan İsraildə də, Fələstində də öz nümayəndəliyini yaradıb. Kiminlə necə əlaqə saxlayacağına özü qərar verir. İran Azərbaycana necə davranmaq, kiminlə əlaqə qurmağını deyə bilməz. Tehran təxribatçı əməlindən əl çəkməyənədək münasibətlərin tam qaydasına düşməsini ümid edə bilməz”.

O, sadəcə güney azərbaycanlıların deyil, ümumilikdə İran əhalisinin hazırkı rejimdən üz döndərdiyini qeyd edib:

“Ən vacibi isə orada 40 milyon azərbaycanlı işgəncəyə, assimilyasiyaya məruz qalır. Buna son verilməlidir.

Prezident İlham Əliyev də çıxışlarında açıq şəkildə bəyan edir ki, Güneydə yaşayan azərbaycanlıların təhlükəsizliyinin təminatçısı bizik. İran beynəlxalq hüquqa zidd olaraq 40 milyon insanın haqlarını tapdalayır. 86 milyon əhalinin 85 faizi mövcud rejimdən imtina edir. Mövcud hakimiyyət uşaqları, qadınları qətlə yetirir, məktəbliləri zəhərləyir. Danışıqlar zamanı isə hər şeyin yaxşı olduğunu bildirərək bütün bunlardan yayınmağa çalışır.

30 illik müstəqillik müddətində Azərbaycan İranla münasibətlərin qaydasında olmasına çalışıb, Tehran rejimilə bağlı çox yumşaq siyasət yürüdüb.

Azərbaycan İranın burda din pərdəsi altında təxribat, terror törətməsinin qarşısını almaq gücündədir. Bu ölkədə bütün dinlərin nümayəndələri rahatlıqla və qarşılıqlı hörmət çərçivəsində yaşayırlar. Müsəlmanların ibadətinə də kifayət qədər şərait yaradılıb. Kənardan heç nəyə ehtiyac yoxdur. Azərbaycan dövləti heç zaman bu kimi təxribatçı addımlara yol verməyəcək”.

Ayşən Mustafa
Globalinfo.az