İrəvan ən qorxulu plana hazırlanır – Paşinyan devrilsə, nələr olacaq?

Hazırda Ermənistanda ictimai-siyasi gərginlik var. Kilsə, erməni diasporu, Rusiyadakı ümumerməni konqresi Baş nazir Nikol Paşinyanın devrilməsi tələbi ilə çıxış edirlər.

Bu proseslər Ermənistanı hara aparır? Hakimiyyət dəyişərsə, Azərbaycanla bağlı hansı siyasət yürüdülə bilər? Revanşizm artar, eskalasiya olar, yoxsa yeni hakimiyyət Paşinyanın kursunu davam etdirər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, hazırda Ermənistanda hakimiyyət əleyhinə olan çıxışların əsas səbəbi mövcud iqtidarın Azərbaycanla münasibətlərin normallaşması istiqamətində atdığı addımlardır:

“Etiraf etmək lazımdır ki, Baş nazir Nikol Paşinyan hakimiyyətə gələndən bəri inqilabi dəyişikliklər edir. Və bu, kifayət qədər gərgin şəraitdə – bir tərəfdən Qərbin, bir tərəfdən Rusiyanın, bir tərəfdən isə diasporun təzyiqləri fonunda baş verir.

İkinci bir tərəfdən, indiyə qədər Paşinyan əleyhinə belə etirazlar çox olub. Hətta daha ciddi səviyyədə. Amma o, hakimiyyətdə qalmağı bacarıb. Çünki mövcud iqtidarın qorunmasında maraqlı olan güclər var. Xüsusilə Qərb hələ ki, Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır.

Nəzərə almaq lazımdır ki, Paşinyan müharibədə uduza-uduza hakimiyyətini qoruyan, növbəti dəfə baş nazir seçilən nadir siyasətçilərdəndir. Düşünürəm ki, o, hələ hakimiyyətdə qala biləcək. Baxmayaraq ki, Paşinyanın hakimiyyətdən getməsində maraqlı olan, amma bunu bacarmayan güclərin sui-qəsdə planı üzərində çalışmaları mümkündür.

Ehtimal olunan dəyişiklik nəticəsində Paşinyanın yerinə keçmiş prezidentlər Serj Sarkisyan, Robert Köçəryan kimi siyasətçi gələrsə, vəziyyət dəyişə bilər. Hərçənd bu, Ermənistanın özünə ziyan olacaq”.

Turan Rzayev
Globalinfo.az