Cahangir Hacıyevin həbsxanada vəziyyəti ağırlaşıb – Müraciət edildi

63 yaşlı Cahangir Hacıyev uzun müddətdir qalxanabənzər vəzin funksional çatışmazlığı, ürək aritmiyası, hipertoniya və başqa xəstəliklərdən əziyyət çəkir.

Globalinfo.az bildirir ki, bunu C. Hacıyevin vəkili Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna bildirib.

O, qeyd edib ki, C.Hacıyev saxlanma şəraitinə və müalicəsinə imkan verilməməsinə etiraz edir.

Vəkilin sözlərinə görə, o, bu üzdən gündə bir neçə dərman qəbul edir:

“Məhbusların sayı artdığından, cəzaçəkmə müəssisəsində sıxlıq yaranıb, antisanitariya hökm sürür. Cahangir Hacıyevin Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi, yaxud heç olmasa, müəssisə daxilində tibbi-sanitariya hissəsinə yerləşdirilməsi üçün dəfələrlə müraciət etmişik. Müsbət cavab verilməyib”.

Bacısı Əminə Hacıyeva da keçmiş bankirin aclıq etdiyini təsdiqləyib. O, qardaşının durumuyla əlaqədar mayın 3-də prezidentə müraciət edib.

Məktubunda vurğulayıb ki, C.Hacıyev 8 il yarımdır həbsdədir, onun tibbi yardım almaq hüququ məhdudlaşdırılır. Bacısının sözlərinə görə, qardaşı hazırda minimal yaşayış və yemək şəraitindən də məhrum qalıb.

“Mayın 1-dən ac qalır, vəziyyəti daha da pisləşir. Mənim və vəkillərin müraciətlərinə baxmayaraq, Penitensiar Xidmətin rəhbəri bizi qəbul etmir. Belə təəssürat yaranır ki, kimsə Cahangiri fiziki olaraq məhv etməyi qərara alıb”, – Ə.Hacıyeva müraciətində belə yazır.