İran hakimiyyətinin qorxduğu başına gəlir: bu addım molla rejiminin sonu olacaq

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, İranda Prezident İbrahim Rəisi bəzi məmurları vəzifəsindən azad edə və daha sadiq kadrları həmin postlara təyin edə bilər. Analitiklərin fikrincə, mövcud iqtidar bunu daxildəki xaotik durumu sabitləşdirmək üçün etməlidir.

İnstitutun qənaətinə görə, iğtişaşlar qismən səngiyib. Analitiklər bunu Rəisinin aksiyalar başlayandan bəri Kürdüstana ilk səfəri ilə əlaqələndiriblər.

Maraqlıdır, İranda etiraz aksiyaları zamanı az qala hər gün onlarla mülki şəxsin həbs edilib yaralandığını, öldürüldüyünü nəzərə alsaq etiraz aksiyalarının səngiməsi nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, İran hakimiyyətində islahatların keçirilməsi, bəzi məmurların vəzifəsindən azad edilməsi mümkündür:

“Mövcud iqtidar, beləliklə, daxili ictimai rəyi dəyişməyə, narazılıqları azaltmağa çalışa bilər. Hakimiyyət bu islahatları xalqa reformaların başlanğıcı kimi təqdim edə bilər. Hər halda dünyada bu praktika var: adətən ölkələrdə etiraz aksiyaları başlayan zaman, hakimiyyətlər ciddi islahatlar həyata keçirir, kadr dəyişikliyi edir. Bu mənada ölkədə hansısa məmurların, o cümlədən nazirlərin istefaya göndərilməsi mümkündür”.

İran olayları – hadisələr nəyi göstərir?

Politoloqun sözlərinə görə, etirazların səngiyəcəyi ağlabatan deyil: “Davam edən mitinqlərin arxasında Qərb dayanır. Əks halda iğtişaşlar bu qədər mütəşəkkil ola bilməzdi. Deməli, ABŞ və müttəfiqlərinin İranla bağlı konkret hədəfləri var. Cənub qonşumuzda hakimiyyətin devrilməsi istisna deyil. Bütün hallarda Qərb məqsədinə çatana kimi Tehrandan əl çəkməyəcək. Qərb ölkədə qismən sabitliyin təmin olunduğunu görən kimi yenidən vəziyyəti gərginləşdirəcək.

Beləliklə, İranı hələ çox ciddi təhlükələr gözləyir. Bunun əsas səbəbi isə molla rejiminin özüdür”.

Globalinfo.az bildirir ki, hakimiyyətlərin xalq etirazlarını yatırmaq üçün əl atdıqları kadr dəyişiklikləri heç də hər zaman effektli olmur. Bəzən bunlar əks nəticələr verir. Xalqın qəzəbini yatırmaq üçün vurulan məmurlar bunun qisasını almaq üçün etirazçıların tərəfinə keçirlər, yaxud xarici qüvvələrə dəstək verirlər. İranda da bu perspektiv istisna deyil. Molla rejiminin xalqın qəzəbinin üstünə su səpmək üçün atacağı bu addım onun özünün əleyhinə işləyə bilər və böhranı dərinləşdirər. Ona görə də rəsmi Tehranın belə bir eksperimentə əl atacağı İran rejiminin sonunu gətirə bilər.

Turan Rzayev
Globalinfo.az