Hüquq müdafiəçisindən Britaniyanın tənqidinə reaksiya

“Birləşmiş Krallıq Azərbaycanın universal dövri icmalı prosesində iştirakını və minalardan zərər çəkənlərin mühafizəsini gücləndirməsini alqışlayır. Biz Azərbaycanı münaqişədən sonra barışığı, xüsusən də məcburi köçkünlərin müdafiəsini inkişaf etdirməyə çağırırıq”.

Globalinfo.az bildirir ki, bu, Böyük Britaniyanın Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın universal dövri icmalının müzakirəsi çərçivəsində bəyanatında yer alıb.

Sənəddə ölkədə insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasından narahatlıq ifadə edilib və Azərbaycana insan hüquqlarının müdafiəsini təkmilləşdirmək üçün çağırış edilib.

Böyük Britaniyanın qərəzli bəyanatına münasibət bildirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə açıqlamasında deyib ki, sənəddə həqiqətə uyğun olmayan və mənbəyi bilinməyən fikirlər yer alıb:

“Minalardan zərər çəkənlərin müdafiəsinin gücləndirilməsi alqışlansa da, xüsusən də məcburi köçkünlərin hüquqlarının müdafiəsinə çağırış başa düşülən deyil.  Bəyanatda məcburi köçkün dedikdə kimlər nəzərdə tutulur? Qarabağı könüllü tərk etmiş ermənilər, yoxsa torpaqları ermənilər tərəfindən işğal olunduğu üçün 30 il məcburi köçkün həyatı yaşayan azərbaycanlılar? Əgər azərbaycanlıları nəzərdə tuturlarsa, onların hüquqları hər zaman dövlətimiz tərəfindən qorunur. Yox, əgər söhbət ermənilərdən gedirsə, birincisi bilməlidirlər ki, həmin ermənilər məcburi köçkün hesab oluna bilməz, Azərbaycan onları zorla köçürməyib, əksinə, rəsmi şəkildə dəfələrlə onları reinteqrasiya prosesinə qoşulmağa çağırıb”.

Hüquq müdafiçisi qeyd edib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması dövlətin prioritet istiqamətlərindəndir:

“Bu sahədə ciddi işlər görülür. Ölkədə Ombudsman Aparatı, hüquq-müdafiə təşkilatları var, güc strukturlarının, prokurorluğun hesabatları tətbiq olunur. İnsan hüquq və azadlıqlarını pozanlar cəzasız qalmır.

Cinayət Məcəlləsindən böhtan və təhqirə görə jurnalistlərin məsuliyyətini nəzərdə tutan 147 və 148-ci maddələrin çıxarılması təklifi isə absurddur. Çünki həmin maddələr çıxarılsa, özünü jurnalist adlandıran bəzi insanlar istədiyi şəxslərə əsassız şəkildə ləkə ata, təhqir və ləyaqətini alçalda bilərlər”.

Ç.Qənizadə onu da əlavə edib ki, sərbəst toplaşmaq azadlığının pozulduğu barədə bəyanatda əks olunan fikirlər də həqiqətlə uzlaşmır:

“Azərbaycanda istənilən təşkilat qanunda nəzərdə tutulmuş qaydada müvafiq qurumlarla razılaşdırılmaqla kütləvi aksiyalar keçirə bilir. Sərbəst toplaşmaq və fikrini azad ifadə etmək üçün hansı ərazilərdə kütləvi aksiyalar keçirilə bilər sualının cavabı qanunda var. Müəyyən edilmiş ərazilərdə deyil, hansısa küçədə qanunsuz aksiya keçirmək istəyən qrupların məqsədi asayişi pozmaq, polislə qarşıdurma şəraiti yaratmaqdır. Bu cür cəhdlərin qarşısının alınması sərbəst toplaşmaq azadlığının pozulması sayıla bilməz”.