Azərbaycan və Britaniya kadrlar hazırlayacaq – FOTOLAR

Aprelin 18-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə İngiltərənin Vorvik Universiteti arasında bərpaolunan enerji mənbələri ixtisası üzrə magistratura səviyyəsində ikili diplom proqramının 2023-2024-cü tədris ilinə start verməsi münasibəti ilə tədbir keçirilib.

Globalinfo.az bildirir ki, tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Vazeh Əskərov, Universitetin əməkdaşları, eləcə də Elm və Təhsil Nazirliyinin müvafiq vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti, Vorvik Universitetindən ADNSU ilə ikili diplom proqramı üzrə əməkdaşlıq edən heyət, Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Baronessa Nikolson, Britaniya parlamentinin hər iki palatasından deputatlar, Britaniya Xarici İşlər Nazirliyinin rəsmiləri, Türkmənistan, Moldova və Özbəkistanın Britaniyadakı səfirləri, eləcə də Londondakı diplomatik korpusun üzvləri, Britaniya Şurası, Britaniya Ticarət Palatasının nümayəndələri, media və diaspora təmsilçiləri iştirak edirdi. Tədbirdə, həmçinin Vorvik Universitetində təhsil alan Azərbaycanlı tələbələr, eləcə də ADNSU-nun məzunu olmuş, hazırda isə Britaniyanın aparıcı universitetlərində təhsil alan Azərbaycanlı tələbələr iştirak edib.

Açılış nitqi ilə çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş müvafiq dövlət proqramı əsasında ADNSU ilə Vorvik Universiteti arasında bəhs olunan ikili diplom proqramının həyata keçirilməsinin ölkə başçısının Azərbaycanda insan kapitalı və təhsilin inkişafına verdiyi əhəmiyyətin və şəxsi diqqətinin göstəricisi olduğunu deyib. Layihənin ərsəyə gəlməsində əməyi olan bütün tərəflərə – Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Nazirliyin əməkdaşları, Britaniya Baş nazirinin Azərbaycan üzrə Ticarət elçisi Baronessa Nikolson, Britaniyanın Azərbaycandakı səfirliyi və Britaniya Şurasının Bakıdakı ofisinə təşəkkür edən səfir bərpa olunan enerjiyə həsr olunmuş bu proqram üzərində hələ bir neçə il öncədən hazırlıqların başlandığına diqqət çəkərək, bunun cari ildə COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycanın yaşıl inkişaf məsələsinə verdiyi əhəmiyyətin göstəricisi olduğunu bildirib.

Daha sonra tədbirdə Britaniya hökumətindən əsas qonaq qismində Britaniya Baş nazirinin Azərbaycan üzrə Ticarət elçisi Baronessa Nikolson çıxış edib. O, bu vəzifədə olduğu illər ərzində iki ölkə arasında daim artan xətlə inkişaf edən ikitərəfli əlaqələr və zəngin əməkdaşlığa şəxsən şahid olduğunu deyərək Azərbaycanın Britaniyanı bir nömrəli təhsil tərəfdaşı görməsinin və dövlət proqramları əsasında ən çox Azərbaycanlı tələbənin dünyanın digər yerləri ilə müqayisədə Britaniyaya gəlməsinin sevindirici hal olduğunu söyləyib. Ticarət elçisi Azərbaycan universitetlərinin digər Britaniya universitetləri ilə də bu tipli əməkdaşlığı davam etdirməsinin təhsil sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından vacib olduğuna diqqət çəkib.

ADNSU-nun rektoru Vazeh Əskərov rəbərlik etdiyi Universitetin Vorvik Universiteti ilə əməkdaşlıqda həyata keçirməkdə olduğu ikili diplom proqramı ilə bağlı qonaqlara ətraflı məlumat verib. O, ötən bir neçə gün ərzində rəhbərlik etdiyi nümayəndə heyətinin Vorvik Universitetindəki tərəfdaşlarla görüşlər keçirmək məqsədi ilə Vorvikdə səfərdə olduğunu qeyd edərək həmin görüşlərdə ikili diplom proqramı ilə yanaşı, gələcək əməkdaşlıq perspektivlərinin də müzakirə edildiyini bildirib. V.Əskərov bu kimi əməkdaşlıqların təhsil sahəsində olduğu kimi, ikitərəfli münasibətlərin dinamikasına da müsbət təsir etdiyini vurğulayıb. ADNSU-nun rektoru proqramın ərsəyə gəlməsində Azərbaycan hökumətinin vacib roluna diqqət çəkib, eyni zamanda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə minnətdarlığını ifadə edib. O, həmçinin proqramın rəsmi olaraq fəaliyyətə başlamasının qeyd olunması münasibəti ilə səfirlikdə təşkil olunan bu tədbirə görə Azərbaycanın Britaniyadakı səfirliyinə təşəkkür edib.

Daha sonra çıxış edən Vorvik Universitetinin professoru Robin Klark ilk öncə qonaqlara Vorvik Universiteti və onun nəzdində fəaliyyət göstərən Vorvik İstehsal Qrupu barədə məlumat verib. O qeyd edib ki, AR-in Britaniyadakı səfirliyində keçirilən bu tədbir və ADNSU və AR Elm və Təhsil Nazirliyinin nümayəndələrindən ibarət heyətin son bir həftə ərzində Vorvik Universitetinə səfərini Azərbaycanın təhsilə və beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyətin göstəricisi hesab etmək olar. O Azərbaycan və Britaniyanın bir sıra ortaq cəhətləri bölüşdüyünü, hər iki ölkənin tarixən ənənəvi enerji vasitələrindən istifadə etdiyini, hazırda isə karbondan azad gələcəyə keçid etməyi hədəflədiyini qeyd edərək bu keçidin gerçəkləşdirilməsi üçün mövzu üzrə xüsusi bilik və bacarıqlara malik olan insan kapitalına ehtiyacın olduğunu bildirib. Robin Klark ADNSU ilə Vorvik Universiteti arasında sözügedən ikili diplom proqramının da məqsədinin məhz alternativ enerjiyə keçidin reallaşdırılması və dayanıqlı ətraf mühit həllərinin təqdim edilməsi istiqamətində zəruri bacarıqlara sahib olacaq kadrların yetişdirilməsi olduğunu söyləyib. O, bu əməkdaşlığın bənzər gələcək əməkdaşlıqların başlanğıc nöqtəsi olacağına ümid ifadə edib. Robin Klark əməkdaşlıq üçün ADNSU komandası və şəxsən rektor Vazeh Əskərova, tədbirdə iştirak edən Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədlinin timsalında adıçəkilən nazirliyə, Baronessa Nikolsona, Britaniyanın Bakıdakı səfirliyinə, eləcə də Britaniya Şurasının Azərbaycandakı komandasına təşəkkür edib.

2019-2022-ci illərdə Britaniyanın Azərbaycandakı səfiri vəzifəsinə çalışmış James Lyall Sharp da çıxış edərək Azərbaycan və Britaniya arasında münasibətlərin bütün sferalarda inkişaf etməsinə baxmayaraq enerji və təhsil sahəsində əməkdaşlığın xüsusi intensivliyə malik olduğunu və bu baxımdan da hər iki sahəni bir araya gətirən alternativ enerji sahəsində ikili diplom proqramı layihəsinin bu baxımdan simvolik əhəmiyyətini vurğulayıb. O, həmçinin COP26 və COP29-un ev sahibləri kimi Britaniya və Azərbaycan arasında enerji keçidi sahəsində əməkdaşlıqdan, o cümlədən BP şirkətinin Cəbrayılda həyata keçirdiyi alternativ enerji layihəsindən bəhs edib.

Tədbir ziyafətlə davam edib.

Qeyd edək ki, ADNSU ilə Vorvik Universiteti arasında sözügedən ikili diplom proqramı Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı əsasında həyata keçirilərək maliyyələşir. Bu proqram çərçivəsində tələbələr həm əcnəbi, həm də yerli professor-müəllim heyəti tərəfindən Azərbaycanda təşkil olunacaq dərslərdə, həmçinin əcnəbi heyət tərəfindən İngiltərədə keçiriləcək 4 həftəlik dərslərdə iştirak edərək sahə üzrə bilik və bacarıqlar əldə edəcəklər. Sözügedən proqram tələbələrə Böyük Britaniyada günəş fermaları və külək turbinlərinin istismarı zonaları ilə yanaşı, aparıcı bərpaolunan enerji sahələrinə, müvafiq şirkətlərə baş çəkmək fürsəti təqdim edir. Səyahət və viza daxil olmaqla səfər xərcləri, həmçinin yerləşmə, qidalanma ilə bağlı xərclər Dövlət Proqramı qaydalarına əsasən tam şəkildə ödəniləcək.